Bayatlıya ithaflar,
15 Mart 2023,
15:57
Zahid Sarıtorpağın Vaqif Bayatlı Odərə həsr etdiyi şeir + UNUDULUR

Zahid Sarıtorpaq

 

Unudulur

                              

                                             V.B.Odərə       

 

unudulur

ana südünün dadı kimi yaddan çıxır

qanımıza yeriyən sevgilər

 

bələkdəki körpələr

gündə bir yol da olsa

qanadsız doğulduqlarına  ağlayırlar

ağlayırlar torpağa düşənəcən

 

deyirlər

atlar ömürləri boyu

bir dəfə də olsun dərdli gözlərini qaldırıb

göy üzünə baxmırlar

amma ölümqabağı 

uzun-uzadı baxırlar mavi dərinliklərə

baxırlar torpağa çökənəcən

 

bəzən bir qara-qorxu kimi

doldurur ruhumuzu

dünyanı qəfildən tanımaq qəmi

 

hər şeyi bilincə

qanı damarında qərib olur

sevgisi qanında qərib olur

sevdiyi sevgisində qərib olur adamın

 

deyirlər qayıdacağıq

qayıdacağıq atıb getdiklərimizə

sevib unutduqlarımıza

unudub ötdüklərimizə

 

Vida Günü

torpaq əvəzinə

mavi sonsuzluqlara yıxılacağıq

üzüquyly

 

qayıdacağıq deyirlər

qanımıza yeriyən sevgilər

ana südünün dadı kimi yaddan çıxır

 

bəlkə də qayıdacağıq

dördəlli tutun torpağı…

Tags