Zahid Sarıtorpaq

Unudulur
V.B.Odərə
unudulur
ana südünün dadı kimi yaddan çıxır
qanımıza yeriyən sevgilər
bələkdəki körpələr
gündə bir yol da olsa
qanadsız doğulduqlarına ağlayırlar
ağlayırlar torpağa düşənəcən
deyirlər
atlar ömürləri boyu
bir dəfə də olsun dərdli gözlərini qaldırıb
göy üzünə baxmırlar
amma ölümqabağı
uzun-uzadı baxırlar mavi dərinliklərə
baxırlar torpağa çökənəcən
bəzən bir qara-qorxu kimi
doldurur ruhumuzu
dünyanı qəfildən tanımaq qəmi
hər şeyi bilincə
qanı damarında qərib olur
sevgisi qanında qərib olur
sevdiyi sevgisində qərib olur adamın
deyirlər qayıdacağıq
qayıdacağıq atıb getdiklərimizə
sevib unutduqlarımıza
unudub ötdüklərimizə
Vida Günü
torpaq əvəzinə
mavi sonsuzluqlara yıxılacağıq
üzüquyly
qayıdacağıq deyirlər
qanımıza yeriyən sevgilər
ana südünün dadı kimi yaddan çıxır
bəlkə də qayıdacağıq
dördəlli tutun torpağı…