Yevgeni Yevtuşenko

Sonuncu xahiş
Bir də heç vaxt başqa rəhbər
Lazım deyil bizə daha.
Min il öncə biri vardı,
Onu da çəkdik çarmıxa.
Kim necə kefi istəyir
Qəh-qəh çəksin, gülsün mənə.
Bircə xahişim var, ancaq
Qoymayın məni ölməyə.
Hər gün qorxuram, yox olam
Səhərin ilk işığıtək.
Dua edirəm dünyanın
Ən günahkar uşağıtək.
Qorxduğumçün bağışlayın,
Görün düşmüşəm nə kökə.
Ölmək istəmirəm belə
Dərəbəylik bir ölkədə.
Gözəllərdən də biryolluq
Əlimi üzə bilmirəm.
Mən bu dünyadan getməyə
Sadəcə, dözə bilmərəm.
Heç nə istəmirəm başqa,
Nə daş-qaş, nə medal, orden.
Bircə xahişim var ancaq
Ölüm çıxıb getsin ordan.
Köhnə bir dəftərdə qalan
Bir yasəmən ətritək.
Dəhşətdən dəhşətdi mənə
Bu dünyanı itirmək.
Bizi qoparıb dünyadan
Allah da batır günaha.
Bir kimsə ölməsin daha,
Allah, insaf ver Allaha.
Harda dərd var
Yas yerinə gələn hər təzə arvad
Əliylə üzünü gizləyən, toxtar.
Sonra döşəməni yuyarlar onlar,
Yuduqca ağrıdan inlər taxtalar.
Əlində taxtanın tilişkələri,
Don vurub əyilmiş dodağı odda.
Biri qırıq-qırıq söylədi mənə:
Harda dərd var, təmiz olmalı ora.
Şam ağaclarının başına dönüb,
Dolanarlar onlar yıxılanacan.
Hər tale Tanrıdan yaranan kimi,
Neçə dağ yaradar hər dərddən hər can.
Girib çıxılmaza çirklənirik hey,
Girib çirkli dərdlər, qəmlər əkirik.
Qəmi əvəz edib qəzəblə, kinlə,
Qəmi də çirklədib sonra çəkirik.
Heç vaxt çirkləndirmə Vətəni qanla,
Yansan da, təmiz yan alovda, odda.
Unutma o arvad dediyi sözü:
Harda dərd var, təmiz olmalı ora.
Tərcümə edən: Vaqif Bayatlı Odər