Andrey Voznesenski

Qarışqa
Bir qara qarışqa bir gün yazağzı
yuvasından azdı, yolundan azdı.
Çıxdı qayığıma, qalxdı dizimə,
O üzdən bu üzə üzdü mənimlə.
Çayın o tayının havası başqa,
qarışqası başqa, yuvası başqa.
Bu tayda yuvaya qoymurlar onu;
Çayın o tayından gəlib qarışqa.
Özü çox qaradı, çox ağdı donu.
yerişi başqadı, duruşu başqa.
Bu tayda yuvaya qoymurlar onu;
– Çayın o tayından gəlib qarışqa!
Çayın o tayından gəlib qarışqa!
Bəlkə, dəni ucu aşağı deyil,
ucu yuxarıya daşıdığından,
bəlkə, başqa cürə yaşadığından
yuvaya girməyə qoymurlar onu?
Sən Allah, bağışla, bağışla, qardaş,
dünyanın yolları dumanda, çəndə,
çayın o tayına gedən yolları
axtara-axtara qalmışam mən də.
... Bir gün çəkər onu yurdun havası,
Başqa bir qayıqda dönər geriyə.
İndi ona qarşı doğma yuvası,
doğma qardaşları, doğma anası:
– Sən yadsan! Sən çayın o tayındansan!
Qayıt öz yurduna, qayıt, qarışqa!
Mayakovskinin keçmiş makinaçısı Y.Yanitskayaya
Mayakovskinin borcu vardı sizə!
Mən verərəm!
Nə dəxli qohumuyam, ya yadı?!
Ancaq, siz Allah, bağışlayın,
Özü bu vaxtacan yaşamadı.
Saysız-hesabsız borcları
qaytarmaqdı mənim borcum;
qəpik-qəpiyinə,
düzü-düzünə.
Alın, anam, bacım!
Bu, Lermontovun əvəzinə!
Bu da Lorkanın əvəzinə!
Çox ağrılı, çox ağır,
çox əzablı, çox uzun
bir şair ömrüdü adı
bizim sizə borcumuzun.
Fırlan, fələyin çarxı,
fırlan, qardaş, fırlan görək.
Həmişə əyri fırlandın,
indi fırlan düzünə.
Qardaş, bilmirəm ancaq
mən yetimin əvəzinə
borcları kim qaytaracaq?
Ulduz
Mat qoydun sən Parisi,
alqışlandın dönə-dönə.
Lüt ilahə prizini
bir səslə verdilər sənə.
Dostlar çıxartdı səni
içindən hayın, küyün,
İndi ancaq
nə getməyə bir yerin var,
nə də bir qara qəpiyin.
Qısılma künc-bucağa,
boş yerə qəm çəkmə, canım.
Divarların bomboş, çılpaq,
çılpaq, ilahə xanım!
Kefcil bir bakılı səni
tutmaq istədi qızıla.
ancaq sən əyilmədin,
döndün Tanrı qızına.
lütlərin ilahəsitək
qalmaq istədin yenə.
Dünya adlı bu oyunda
bəlkə, dəyişdin hər şeyi
xoşbəxt sonluqlu bir rola,
ancaq sən Allah, bağışla,
mənim tüpürməyim gəlir
çılpaq krala, lüt krala.
Pəncərədən o üzdə
incəbelli qovaqlar
lüt Rusyanın talantıtək
çöküb diz üstə ağlar.
Beləcə, bu gecə yenə
siqaret çəkə-çəkə
yanıb-sönür bir aktrisa,
yanıb-sönür bir çiçək,
titrəyir, çatlayır canı
bir gözəl büllur qabtək.
Qraf Rezanovun ispan mahnısı
Sənin ölkəndə də,
mənim ölkəmdə də
gecə səhərədək
yatmaq istəmirlər
kürək-kürəyə,
ürək-ürəyə.
Sənin ölkənin də,
mənim ölkəmin də
göydə ayı havayı yenə,
yerdə günəşi od qiymətinə.
Qiyməti birdir ancaq
səninçün günçıxanın,
mənimçün günbatanın.
Pəncərəmizdə sübhün soyuğu
nə sənin günahın,
nə mənim günahım.
Bağlayıb heyvərələri
bir çatıyla, bir örkənlə,
sürüyüb aparsaydılar
sənin də ölkəndən,
mənim də ölkəmdən.
***
Şair olmamaq da olar,
Necə dözmək olar, ancaq
Barmağı qapıda qalan
İşığın qışqırığına?!
Tərcümə edən: Vaqif bayatlı Odər