Tərcümələr,
14 Aprel 2023,
15:42
Osip Mandelştamın şeirləri Vaqif Bayatlı Odərin tərcüməsində 

Osip Mandelştam

                                         

Sənin ensiz çiynini şallaqlarla aldırmaq,

Şallaqlarla aldırmaq, ya şaxtalarla yanmaq.

 

Sənin gül ayağına şüşə üstündə gəzmək,

Şüşə üstündə gəzmək, gəzib qanlı iz qoymaq.

 

Mənə də tək səninçün alışmaq qara şamtək.

Alışmaq qara şamtək, dua edə bilməmək.

 

***

 

Sənin bu qulun üçün qorxmuram mən, İlahi,

Kömək elə, İlahi, bu gecədən aşım sağ,

Tabutda yatmaq kimi Peterburqda yaşamaq.

 

                                  

 

                        Leninqrad

 

Şişmiş damarlartək doğma bir yerə,

Gözyaşıtək tanış şəhərə döndüm.

 

Madam ki dönmüsən, tez ol, udginən

Çay qaşıqlarıynan balıq yağını.

 

Yumurta sarısı qatılıb ona,

Tanış ol, qatranlı bir qış axşamı.

 

Peterburq! Ölmək istəmirəm bu anda,

Hələ nömrələrim var telefonunda.

 

Peterburq! Məndə hələ ünvanların var,

İtkin ölü səslərin ordan tapılar.

 

Düz beynimə vurur qapının zəngi,

Qara pillən üstdə yaşaram zəngin.

 

Qonaq gözləyirəm, qandallarımda

Tərpədə-tərpədə qapı zəncirin.

 

Tərcümə edən: Vaqif Bayatlı Odər

Tags