Anna Axmatova

Özgələrin evində
Gəzən kimi özgələr,
Gəzirəm öz evimdə,
Məndən qorxur güzgülər.
Allah, kimdi baxan ordan?!
Deyəsən, mənə oxşayır
Güzgüdən baxan o adam.
***
Şair ruhdu tənha, tək,
İstər kor olsun Homertək,
İstər Bethoventək kar;
Hər şeyi görər, eşidər,
Hər şeyə sahib çıxar.
***
Burax get bu musiqini, bu səsi,
Biz lap tezcə razılaşırıq onunla.
O dibsiz dərya,
Mən bir xəyal səsi, lövbər kölgəsi.
Mən mane olmaram heç zaman ona,
O da kömək edər ölməyə mənə.
Mart elegiyalarından
Bir nəğməyə dönsəydin sən,
Baxardım sənə səhərəcən,
Rahat olardı ürəyim.
Arvadım olsaydın əgər,
Min-min nifrətlərlə səni
Qəlbimdən silə-silə,
Hədsiz xoşbəxt olardım,
Sənsiz başqa birisiylə.
Ancaq o, nə odu, nə bu,
Nə də sonuncu...
Nə etməli onunla bəs,
Bumu sevginin son ucu?
***
Dəfn olunmayanları dəfn etdim dönə-dönə,
Mən ağladım hamıya, kim ağlayacaq mənə?!
***
Oxucularım, gördüm dalımca gəldiyinizi,
Mən hey təkrarsız, sonsuz yollara apardım sizi.
***
Sabah məşhur adamtək
Ayılmamaqçün qəfil,
Ayılıb
çıxmamaqçün küçəyə,
Dua edin, dua edin bu gecəyə.
***
Ölümsənsə,
Niyə ağlayırsan bəs,
Sevincsənsə,
Belə sevinmək olmaz?!
***
Məhşər günü – bir işıq,
Bir işıq, min yaraşıq.
Ürəyimdə, gözümdə
Ölümtək işıqlaşan,
Ancaq eşqlə alışan,
Alışıb-yanan min şam.
Odu bax, bax,
O gün qəmlərə sevinc,
Ölülərə şöhrət, şan,
Mənə sənin dipdiri
Əllərini gətirir.

Tərcümə edən: Vaqif Bayatlı Odər