Vaqif Bayatlı Odər

Xəzər jurnalı haqqında
Şükür, Tanrım, Şükür, son əsərin olan bu dünyaya bizi də gətirdin, ruhlar aləmindən bizi də seçdin, bizi də insan etdin. Sənin varlığından neçə-neçə gözəl xəbəri, doyulmaz ruhi anlamı, bu dünyaya. Sənin ətəyinə və ürəyinə qədər uzanan Azərbaycan deyilən bu yurduna “Xəzər”lə çatdırdın. Hər şeydən doyulur, sən yaratdıqlarından və göndərdiklərindən heç vaxt doyulmur, İlahi.
Afaq Məsudu mən dünyanın ən böyük yazıçılarından biri sayıram. “Xəzər”lə isə o sübut elədi ki, o həm də yaxşı memardır, çünki jurnalı da o, çox cəsarətli və ağıllı memar kimi qurur. Həm də onun qurduğu bu bina o biriləri kimi yerdən başlayıb göyə doğru yox, göydən başlayıb yerə doğru uzanır. Bu binanın göydə olan özülü də çox möhkəm qoyulub.
Əlbəttə, göydən danışarkən, çevirmələriylə dünyanın ən gözəl uçuşlarını yapmış Natiqi – böyük göy və yer memarını xatırlamamaq mümkün deyil. O bu dünyada çox zaman uçurdu, mən indi onu çox zaman göy üzündən bizim çoxumuza görünməyən çəmənliklərində ayaqyalın yeriyən, qaçan görürəm. Onun çevirmələri də elə beləydi. İnsanın göy üzündə ayaqyalın yeriməsi kimi rahat və ləzzətli idi. Ona görə də o bu dünyada və həm də ədəbiyyatda yalana, saxtakarlığa və ...ayaqqabıya dözə bilmirdi.
“Xəzər”i mən həm jurnal, həm də kitab adlandırardım, daha doğrusu kitablar kitabı. Çünki “Xəzər”in hər sayında əslində, bir neçə kitab olur.
“Xəzər” bir günlük, bir aylıq, bir illik toplu deyil, o, balaca dünya kimidi. Bu dünyanı yaşadığın kimi, “Xəzər”də gedən yazıların əksəriyyətini də gərək bütün ömrün boyu oxuyasan. Daha doğrusu, o daim əlinin altında, ya da gözünün qabağında olmalıdı. Məsələn, mənə gəldikdə, düzünü deyim ki, “Xəzər”in sayları bizdə olmasaydı, evimdə yaxınım, doğmam olan nəyinsə, kiminsə çatışmadığını duyardım.
Fikir verdinizmi, mən “Xəzər”i və orda gedən əsərləri həm “nə”, həm də “kim” sualına cavab verən canlı kimi hallandırıram.
Hər şeydən əvvəl Afaq xanımın “İlahi keçid”ini və “Qədim filosof”larını. Bu tərcümələrin əsil səsi, yaxşı mənada sonradan çıxacaq. Bu “keçid”in nə qədər insanı ağır vəziyyətdən, ruhi gərginlikdən xilas etdiyini, nə qədər gəncin, istedadın keçid yoluna çevrildiyini də yaxşı bilirəm.
Afaq xanımın baş redaktor kimi digər üstünlüyü – dərgiyə neçə-neçə istedadlı adamı cəlb etməsi, yüksək peşəkar komandanı yığa bilməsidir. Zakir Fəxri, Yaşar, Tofiq Abdin, Saday Budaqlı kimi istedadlı yazarlardan bu qədər məhsulu – orijinal tərcümə materialını almaq böyük igidlikdir. Ülkər xanım da, böyük orkestrin gənc və talantlı skripkaçı kimi öz sözünü deyə bilir.
Yuxarıda Afaqı yaxşı memar adlandırmışdım, bu bənzətmələrdən sonra, onu həm də usta dirijor adlandırmağa məcburam.
Dərginin saylarında yazılarına rast gəldiyim usta tərcüməçi, gözəl ziyalımız Cavanşir Yusiflinin tərcümələri məni sevindirir. Səməd Qaraçöpün, Nəriman Qasımoğlunun, Tofiq Abdinin, Tehran Vəliyevin, Səfər Alişarlının çevirmələrinin də usta ürəklərdən keçdiyi duyulur. O, Budaqlının, A.Ərəbovanın, V.Əjdəroğlunun, N.Nihatın çevirmələri də diqqətə layiqdir. Maraqlı çevirmələrini oxuduğum Rövşən Ramizoğlu və Ramiz Rövşənin çevirmələri istənilən dərgiyə ancaq fəxarət gətirə bilər.
Tərcümə Mərkəzinin digər üstünlüyü – onun heç vaxt yadda qalmayan kitab çap etməməsidir. Ən çox yadımda qalan kitablar – böyük sənətkarlarımızın Aydın Məmmədovun, Natiq Səfərovun və Afaq Məsudun iri həcmli tərcümə əsərləridir.
Tərcümə Mərkəzi Azərbaycan tarixində ilk dəfə olaraq, orijinalla Azərbaycan türkcəsinə çevirməni bir yerdə nəşr edib. Yeri gəlmişkən, qeyd edim, Azərbaycan tarixində ilk beynəlxalq ədəbi forumları – “Xəzər” Forumlarını da bir neçə il Mərkəz təşkil edib.