Ahmet Ali Arslan
(Türkiyə)
Gecələrini gündüz, gündüzlərini gecə yaşayan adam:
Vaqif Bayatlı Odər
Vaqif Bayatlı Odər Türk təsəvvüf şeirini, Pir Sultan Abdalı, Xətayini, Mövlananı, Şəms Təbrizini, Yunis Əmrəni çox yaxşı mütaliə etmiş, onların dünyagörüşlərini öz ruh süzgəcindən keçirərək bu fikirlərə özünəxas bir görkəm vermişdir. Elçibəy “Vaqif Bayatlının şeirlərini oxuyarkən dərin düşüncələrə dalmamaq mümkün deyil. Onun poeziyası insanı düşünməyə məcbur edən nümunələrdir” deməklə, əslində, Bayatlını mütaliəyə başlarkən həm də düşünməyə hazır olmağımızı xəbər verir. Bayatlı müasir türk sufizminin Azərbaycanda yaşayan və bizim tanıdığımız ən güclü nümayəndəsi, ustadıdır. Onu Vaqif Bayatlı edən əsas maya Şəms Təbrizi, Mövlana və Yunus Əmrənin dünyasında rahatca gəzməsi və gəzdikcə rastlaşmağımız üçün atılan təmiz ayaq izləridir. Bu izlər fosfor kimi yanaraq qaranlığı işıqlandırır. Bayatlının şeirlərini oxuyan və bu işıqlı izləri duyan insanlar birmənalı şəkildə bu cığırların heç vaxt şər döngəsinə burulmadığının şahidi olur. Onun xəmiri sevgi və açıqürəkliliklə yoğrulduğu üçün həmişə xeyir, mərhəmət, yardımsevərlik qoxur. Bakıda özü kimi dəyərli dostlarımızla söhbət əsnasında səsləndirdiyi bir neçə ibrətamiz fikir Bayatlının həyat fəlsəfəsini aşkara çıxaran və bizə həyatın mahiyyətini izah edən ən önəmli ünsürdür. “Onun şeirlərində tarixin dərin izlərinə şahid oluruq. O, əslində, özünü türk adlandıran hər kəsin Azərbaycanda var olan simgəsidir. Şairin mənayüklü misralarını oxuduqca hər bir sözü beynimiz, qəlbimiz və ruhumuzda təlatüm yaradır.

Sərin bir Bakı gecəsində əjdahanı parçalayan qəhrəman Bəhram Gurun heykəli tərəfdəki çayxanalardan birində dostlarımızla söhbət edərkən Vaqif Bayatlı yenə hamımızı heyrətləndirən içi həyat təcrübəsi ilə limhəlim dolu olan bir fikir səsləndirdi: “Bakının ən qələbəlik yerlərindən birində oturub gün boyu gəlib-keçən insanların ayaqqabılarındakı tozu silmək istəyirəm”. Bu cümləni dedi və əlbəttə, nə demək istədiyini anlamaq, dostlarımıza, tələbələrimizə izhar etmək kimi çətin bir vəzifəni bizə verərək susdu...
Vətən üçün canlarından keçənlərin yeri Vaqif Bayatlının başındakı sənət tacının zirvəsini gözəlləşdirən almazıdır. Söhbətlərində, müsahibələrində, verilişlərdə hər daim vətəni, bu vətənin şəhidlərini sayğıyla anan şair onları xalqın ruhunda, ağlında abidələşdirən fikirlər səsləndirmişdir. “Vətən torpağını hər kəsdən çox sevənlər bu torpağa hamıdan tez qovuşub qarışmaq üçün tələsənlərdir. Vətənin ən gözəl qoxusu da onlardan, yəni onların uyuduğu torpaqdan gəlir. Zənnimcə, həmin ruhların gözəl rayihəsini rəhbər tutaraq o biri dünyanı rahatlıqla tapmaq mükündür. Onların ətrinə qarışmaq əbədiyyətə qədər solmayan çiçəklərin yanında olmaq deməkdir”. Şairin “Çuxurova Sənət”in bu nömrəsində yayımladığımız “Atlar” şeirini anlamaq üçün Azərbaycanda türkçülük, milliyyətçilik hərəkatlarının tarixini, repressiya dövrünü, sürgünləri, edamları, güllələnmələri, boyunları balta ilə vurulan şair və yazıçıları çox yaxşı bilmək, şeirdə sözügedən “atlar” kəlməsini hər oxuduqca yerinə Stalin tərəfindən məhv edilən Azərbaycanın işıqlı simalarını qoymaq lazımdır. Bax məhz bu zaman “Vaqif Bayatlı Odərin “Atlar” şeirini oxuduq və dərk etdik” deyə bilərsiniz.
Türkiyə türkcəsindən uyğunlaşdıran:
Aytac Quliyeva