Vaqif Bayatlı Odər

Şeir Şərqdən doğur. Şərqdən də Şərqdə. Hərdən Günəş də
A.Tarkovski haqqında “525-ci qəzet”də gedən yazıma, ondan çevirmələrimə “Şairi sakitcə məhvetmə növbəsinə duranlar ən sonda əfv növbəsinə qaçırlar” başlığını qoymuşdum. “525”də və “Kult.az”da bu çevirmələrin hörmətli müzakirəçilərinin qeydlərini gec də olsa oxuduqdan sonra istedadlı oxucularımızın, həm də bir çox tanınmış ədiblərimizin çoxunun bizim orta səviyyədənkənar (heç bir səviyyədən yuxarı yox, sadəcə kənar, yana) bir qədər mürəkkəb sistemə yerli-yataqlı diqqət etməyə həvəs göstərmədiklərinə bir daha əmin oldum. Həm də çox adam elə bilir ki, bir az xeyir-dua verilmiş, bir az da lənətlənmiş, hamının sevdirməkdən çox, sevilmək istədiyi bu dünya o adam özü cəmiyyət içinə çıxdığı gündən başlayır. Ona görə də hamıya ibtidai-icma quruluşunun dərslərini vermək çamadanı götürüb Bakını fəth etməyə gələn hər birimizə vətən borcu kimi görünür. Ancaq, dostlar, xəbəriniz olsun, Rusiya bataqlıqlardan və meşələrdən çoxdan çıxıb, Lomonosov dövründən də bir neçə yüz il keçib. Azərbaycan da, deyəsən, XXI əsrin ilk onilliyini bitirməkdədir.
Çox istedadlı şairlə çox pulsuz adam, çox dəli adam sözlərinin eyni anlamda anlaşıldığı, hamının pulsuz olmasa da, heç olmasa bir az dəli olduğu bir məmləkətdəyik. Mənsə təkcə bu məmləkətdə yox, bütün dünyada, bütün Göyüzünün altında Poeziyanı ümumi ədəbiyyatdan ayırıram. Çünki əsl poeziya dəhşətli dərəcədə heç bir zaman heç nəyin, heç kimin ola bilməyəcəyi qədər Ruhi və İlahilikdir. Ədəbiyyatın qalan sahələri ruhi olmaqla yanaşı, heç kəsin xətrinə dəyməsin, həm də bir az cismanidir.
Poeziyanın əsas ruhi və insani qatlarını keçib gedə bilsək (bu barədə gələcəkdə “Postsufizmdən Şərqdən də Şərqə keçid”də danışacağam) duyarıq: Göyüzündən gələn bütün Kitablar, o cümlədən “İncil” İlahi başlanğıcların əlifbalarıdır. Bu başlancıqlar bizə məlum olan, olmayan kainatın hər yerində, hər anında bu gün də sonsuz sayda baş verməkdədir. Onların sonrakı inkişafı, düşüncədə, ən çox da ruhda yaratdıqları hər bir böyük sənətkar, həm də böyük oxucular üçün daim möhkəmlənən, yerüzündən göyüzünə yox, göyüzündən yerüzünə ucalan bünövrə, özül rolunu oynayır. Bu özül hər an göyüzündən tikilə-tikilə yerüzünə doğru gəlir. Hər adamçün bir ayrıca A.Tarkovski də öz ruhi sistemini, öz “İncilini” yaratmağa cəhd edib. O şeirində “Kitabı qurtardım, nöqtəni qoydum” deyən, yazan anda (bütün yazdıqlarını insan əvvəl öz ürəyində deyir) şüuraltı şəkildə nə yaratdığını duyub, deyib. İlkinözül, bünövrə – “İncil” onun özünün, oğlunun yaratdıqları sistemlərlə yan-yana, can-cana həm İlahivari, həm də Tarkovskivari bir ahəng təşkil edir. Belə anlarda Allah öz icazəsi və iradəsiylə uzun-uzun illər çox-çox əzablara qonaq etdiyi, ancaq ruhən heç bir zaman sarsılmayan, sınmayan, ona üz tutub yalvarmayan, şikayətlənməyən övladlarına – Allahın əzabkeş əziz bəndələrinə bəzən Allahın özü kimi yazmaq şansını verir. Ancaq nə etməli, bunları ən ağıllı, hətta ən yüksək düşüncəli adamlar yox, ancaq İlahinin məsləhət bildiyi, hətta bir az da özündən uzaqlara atdığı fədakar həyatı yaşayanlar, yaşaya-yaşaya Tanrının və dünyanın yükünü, əzablarını azaldanlar, sularla, quşlarla, ağaclarla bir sevgidən yarananlar, kimin harada yaşamağından asılı olmayaraq eyni anda eyni sözdən olanlar tam duya bilərlər. Həm də çoxlarına elə gəlməsin ki, Allahın yaratdığı insan Allah qarşısında tamamilə acizdir. Bu məsələ elmi və dini kitablarda yazıldığından da qat-qat mürəkkəbdir və orda acizlik haqqında danışmaq çay qırağında oturub səhra haqqında danışmaq kimidir.
