Vaqif Bayatlı Odər
Biz bayrağımızdan aşağıda dalğalanırıq...
2002-ci il martın 5-də Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda Azər Turanın “Əbədi Turan” kitabının təqdimat mərasimində çıxış.
Əziz Azər bəy.
Bir var ildırım, bir də var onun şəpəsi. Bizim canımızdan keçən ildırımın şəpəsinin şəpəsinin şəpəsidi. Əsl gizilti Turan xanımın canından keçib. Əsl gizilti xalqın istiqlalının, türk sözünün canından keçib.
Dəfələrlə fikirləşmişəm, Azərbaycanın anası kimi adlandırmaq olar? Bu gün mənə ilahidən bir səs gəldi ki, bu ancaq Turan xanım ola bilər. Turan xanım təkcə Cavidin qızı deyil, Turan xanım mifdi, Turan xanım Azərbaycan ədəbiyyatından yuxarıda dayanan bir hadisədir. O həm də Azərbaycan ədəbiyyatının anasıdır. Düşünürəm, Hüseyn Cavid ingilis olsaydı, nə olardı? Bütün dünyanın teatrları, şübhəsiz, Cavidin əsərlərini qoyardı…
Mən ingilis ədəbiyyatına da, Azərbaycan ədəbiyyatına da toxunmuş bir adamam. Bilirsiniz, Tomas Eliot dünya ədəbiyyatında yeni bir epoxa yaradan sənətkar sayılır. Mən ingilis şeirinin ən böyük nümayəndəsi olan Tomas Eliotun 25 şerini türk dilinə çevirmişəm və duymuşam ki, Azərbaycanın çağdaş şeiri Tomas Eliot səviyyəsindən daha yuxarıdadır.
Dünyada türk fenomeni deyilən möhtəşəm bir fenomen var. Azərbaycan fenomeni də türk fenomeninin tərkibindədir. Bizim gözəlimiz Türkiyə Avropanın qapısında dayanıb Avropa Birliyinə girməyə cəhd edir və onu hər cür alçaltmağa çalışırlar.
Əli bəy Hüseynzadə yaratmışdı avropalılaşmaq, türkləşmək, islamlaşmaq düsturunu. Biz isə Əli bəy Hüseynzadənin düsturundan qıraqda qaldıq.
Biz bayrağımızdan aşağıda dayanmışıq. Bayrağımız tək fiziki cəhətdən bizdən yuxarıda dalğalanmır. Biz bayrağımızdan aşağıda dalğalanırıq.
Dilimiz türk dili ola-ola minillərlə damarlarında türk qanı daşıyanlar da dedi ki, Azərbaycan dili türk dili deyil.
Dilimiz türk dilidir və bu dil dünyanın ən qədim dilidir. Bir alim deyirdi ki, bu dili sanki lisaniyyət alimləri yaradıblar. Bu dil şeir dilidir. Ahəng qanunu olan bir dildir…
Nə üçün türk dövlətləri Turan mədəni anlamına gələ bilmirlər? Biz Turan mədəni anlamına gələ bilməməklə Turan xanımdan uzaqlaşmışıq. Turan xanımın bütün həyatı bizə bunları anladır. Mən bütün bunları danışarkən hamının, bütün Azərbaycanın adından Turan xanımdan çəkdiyi əziyyətlərə görə üzr istəyirəm.