Məqalələr,
16 Mart 2023,
14:03
Unutmağa hər an Kamal Abdulla var - Vaqif Bayatlı Odər yazır

Unutmağa hər an Kamal Abdulla var

                                                 

   O “unutmağa kimsə yox” yazsa da, yaxından tanıdığı, tanımadığı onlarla adamı hər an bəlkə də, onun qədər xatırlayan, unutmayan yazar yox kimidir. Bəs o nə üçün belə yazır?! Heç kimi unutmazkən hamını unudur. Bu da onun bir əsəridir. Bəlkə də, ən şah əsəridir.

  Kamalla az-az görüşsək də, o heç özünün də xəbəri olmadan şəxsən mənə o qədər doğmadır ki, bu sətirləri yazanda elə bilirəm, sanki onun haqqında yox, özüm haqqında yazıram, ona görə də tərifləri təvazökarlıq edib bir xeyli azaldıram.

   Yaradıcılıq və cismani fəaliyyətinin, insanlığının, istedadının çoxşaxəliliyini, bütün sahələrdə uğur qazanmağını xatırlayıb onun haqqında daha geniş, az qala dünya boyda yazmaq istəyimi də bildirirəm. Həm də duyuram, o, fəaliyyətinin, insanlığının, xeyirxahlığının bütün mənzərəsiylə bir az da öz dahi yerlisi Üzeyir bəyə oxşayır. Bu ruhi doğmalıq, oxşarlıq görünür həm də onun dədə-baba yurdu Şuşanın mənimçün artıq ilahiləşmiş ruhundan doğur. Yəqin ki, Kamalçün də elədir. O, Şuşa kimi doğma, məğrur, çoxşaxəli yaradıcılığında və cismani fəaliyyətində zahirən bir-birindən uzaq, ancaq əbədiyyətdən gələn qütbləri, keçmişi və çağdaşlığı, slavyanşünaslıq və türkologiyanı həm öz əsərlərində, həm də rəhbərlik etdiyi universitetdə birləşdirə bilib. Həm də rektorluq Kamal Abdullanı yox, Kamal Abdulla rektor adını ucaldır. O həm də neçə-neçə çox istedadlı “adamsız” insanımızı universitetdə işə cəlb etməklə çağdaş zəmanəmizi gələcək töhmətlərdən və Allahın lənətindən xilas edib (təkcə Salamın, Aqşinin, Əsəd Qaraqaplanın adlarını çəkmək bəs edər).

  O, dünyanın ən istedadlı əbədi uşaqlarından biridir. O, nasir kimi də, dilçi kimi də, rektor kimi də hansı sahəyə atılırsa, mütləq uğur qazanır, dünya səviyyəsinə qalxır, bu tək onun yox, həm də Şuşanın dünya şəhərləri içində ən istedadlı, ən vergili şəhər olmağından gəlir.

 

  Keçən yüzilliyin son 30 ilində və bu yüzilin əvvəlində tək Azərbaycan dilçiliyinin deyil, həm də ümumi ədəbiyyatımızın, ədəbi tənqidimizin, türkologiyanın, mədəniyyətimizin, dövlətçiliyimizin formalaşmasında, ümumi həyatımızda, çoxlarına qəribə gəlsə də, dilçi-türkoloq alimlərimizin – Tofiq Hacıyevin, Ağamusa Axundovun, ölməz Aydın Məmmədovun, Kamil Vəli Nərimanoğlunun, Firidun Ağasıoğlunun, Kamal Abdullanın, Nizami Cəfərovun böyük rolu oldu. Elmimizin, dövlətçiliyimizin inkişafı və formalaşmasında heç bir elm sahəsi bu qədər böyük rol oynamadı.

  Bəs nə üçün daha çox dilçilər?

  Heç bir xalqın inkişaf tarixində dilçilərin bu qədər böyük rolu olmayıb. Məncə, bu dilimizin hələ tam araşdırılmamış çox böyük enerjisindən, İlahidən gələn gücündən, tam açılmamış əbədiyyət sirrindən xəbər verir.

  Bu yazını Kamalla başladım, dilimizin əbədiliyiylə qurtardım. Bunu, əlbəttə, mən yox, mənim ürəyimdəki Kamalın əbədiyyət hissi etdi.

 

Tags