Haqqında yazılanlar,
13 İyun 2023,
15:09
O həm də dərdi barışdırır - Zahid Sarıtorpaq yazır 

Zahid Sarıtorpaq.

 

ğ

 

O, həm də dərdlə barışdırır

 

 

Tənqid

Vaqif Bayatlı Odərin “Yupyumru bir eşq ilə” şeirlər  kitabını oxurkən yaşananlar
Sevdiyim nəsnələrin rəsmini cızmaq əlimdən yetərincə gəlmir. Sevdiyim insanların haqqında söz deməyə də həmişə zorlanıram. Elə şeylər var, istəsən də, istəməsən də, rəsmlərinimi deyim, bir hal kimi ağlasığmaz kölgə-görüntülərinimi deyim, şüurun, hissin qavramağa acizlik etdiyi ilahi səslərinimi deyim – nələrini isə, sinirlərinə çəkib yaşasan da izah edə bilmirsən. Amma qəribə də olsa, bir də ayılıb görürsən, onları haçansa sirli-sirli Can Kətanına köçürmüsən artıq. Bir də görürsən içinin divarlarında sərgilənib, barın-barxanan kimi yükünə dönüb və bunların ömür saxlancına çevrilməsindən məmnunsan. Bunlar qazanc-qismətlərindir, sözlə bəyana gəlməyənlərdir, fırçaya yatmayanlardır, nota düşməyənlərdir. Onların arasında bir üzün işığı da ola bilər, bir duanın sehri də ola bilər, sularda axıb gedən bir gül ləçəyi də, bir şeirin ovqatı da…

 

Qavramda bəyansız qalan bu sürreal ştrixlər, dərinlərə getsən, lap ilahi işarələr kimi də yozular. Amma sən ixtiyar sahibi olmadığın üçün neyləyə bilərsən axı? Şərhdən ötrü qiyam etsən, yozumun urvatsız olar. Bəyanı mümkün olan hər hansı çəkdiyimiz bir yük qeyri-şüuri ola bilər, amma qeyri-hissi ola bilməz heç vaxt. Yəni ağzı bağlı çuvalda nə olduğunu bilməyə bilərsən, amma bu çuval çiynindədirsə, ağır, ya yüngül olduğunu hiss etməməyin olumsuz bir şey...

Vaqif Bayatlı Odər şeirinin tutumu heç də məna zənginliyi, yəni şüura güclü təsir göstərərək kontakt yaratması ilə deyil, daha çox onun hissi çalarlarınin insan ruhunda sərbəst gəzişmələri, oralarda ərköyün-ərköyün bir uşaq çılğınlığı ilə, necə deyərlər, dinc durmaması, aləmi biri-birinə vurmasıyla ölçülür. Onun şeirləriylə tanış olurkən içində təlatümlər yaşayan oxucunu yalnız bir yol gözləyir: sevgi yolu. O yol da özlüyündə başqa bir yola – barış yoluna aparır. O sevə-sevə sevdirir, sevdirə-sevdirə barışdırır. Sevgi və barış bu ilginc poeziyanın ən mühüm dayaqlarıdır.

Elmi arşınları Vaqif şeirinə tətbiq eləmək çox primitiv görünərdi. Bunu ona görə demirəm ki, bu məsələlərin fərqində olanlar bu gün yox dərəcəsindədir. Yox, sadəcə hər cür “izm”lər onun şeirləri üstünə hayqırıb gələ bilər, amma son nəticədə utanc içində, pərt halda yanından ötüşər. “Niyə”sinin şərhə ehtiyacı yoxdu ki... İlgilənənlər bunu şeirlərdən sorsun gərək. Ən doğru cavab elə şeirlərin özündədir.

Hər şairin bir özək şeiri olur. Qalan bütün şeirləri o özəyin kökündən, budağından su içir əslində. Vaqif Bayatlı Odərin özək şeiri yoxdur. Onun bütün şeirləri qaib bir mənbəyə söykənərək (mücərrəd yox, anlaşılan, duyulan – amma qaib) çox güclü qidalanır, özü də, bu zaman tükənmək bilməyən enerji çağlayanına çevrilir. Öz-özlüyündə o, ortalığa qoyduğu məhsula görə yalnız həmən sirli, qaib ucalığa borcludur. Deyən tapılar ki, onun yaradıcılığında irfanın islamdan öncəki dönəmlərinin, lap antiklərə gedib çıxan çağlarının ahəngləri var. Amma necə? Güclü Tanrıçılıq baxımından bu, kənardan belə görünə bilər. Bu anlamın islamda təsəvvüflə, sufi dünyagörüşləri ilə kamilləşdiyini və tarixə azman söz ustaları doğurduğunu nəzərə alsaq, ortada bitkin bir konsepsiya durmalıdı.

Hərdən Vaqif Bayatlı Odər şeirində bu dünyagörüşlərinin çox güclü elementləri ortaya çıxsa da, əslində, bir küll halında götürsək, onun yaradıcılığında belə bir konkret konsepsiya yoxdur. Əvəzində belə bir ovqat var: sanki uzaqlara əbədi getdiyini dərk edərək evdən tələsik çıxan mifik bir varlıqdı söz yiyəsi; o, nəyisə unudub evdə qoyduğunu anlayaraq, sürətlə geri dönür, evi ələk-fələk eləyir, amma axtardığını tapır, ya tapmır, bu sirr olaraq qalır. O, yenidən yoluna davam eləyir, yol onu yenidən kərən-kərən həmən ünvana gətirir, yenidən həmən proses təkrarlanır. O, bu gəlim-gedimin sirrini hamıdan gizlədərək, oxucunu intizarda saxlayır. Oxucu isə öz növbəsində hər şeyi unudaraq, yalnız o sirri öyrənməyə can atdığı üçün bu ovqata qatılaraq ona tabe olur, özündən xəbərsiz, sözün yaxşı mənasında, itaət edir – sehirlənmənin sadə anlamını təxminən belə yozur: ələk-fələk olunan yalnız və yalnız ucalar ucası, sirlər məkanı Göy Üzüdür. Bəs axtarılan nə idi? O tapıldımı? Bəs bu mübhəm sevda hardan çilənir? Bu sirr açılacaqmı? Insanı insana, gülü gülə sevdirən bu sirri öyrənmək mümkün olacaqmı? Hara gedir o mübhəm sirlər sahibi? Yenidən Göy Üzünə! İtiyinin ardıyca! Və gərdiş beləcə başlanır Könül Kainatında  – dövrə vura-vura, rəqs edə-edə, sonralar özü də etiraf edəcək bunu, hamını bu rəqsə çağıracaq...

Bu hisslərin aurası içində olmaq hər cür kamil, bitkin konsepsiyadan, proqramdan ucalarda dayanır. Bayaq qeyd etdiyim kimi bir uşaq çılğınlığıyla dinc durmadan aləmi biri-birinə vurmağa bənzəyən bu bədii hökmüranlığa olduqca səmimi bağlılıq, əslində, heç şairin düşünülmüş amacı da deyil. Bunu ilk baxışda çox sadə, bənzərsiz, öz təbirincə desək, “qanadlı şeirlər”in özləri diqtə eləyir. Elə buna görə də, V.B.Odər yaradıcılığında şeirin klassik anlamı çökmür və itirmir, çağdaş anlamı isə ucalaraq qazanır. Burda da onun sevdirici və barışdırıcı mövqeyi özünü göstərir. Onun poeziyası, sadə şəkildə izah etsək, nəinki insanların, eləcə də, şeirimizin dünəniylə bu günü arasında sevgi və barış nöqtəsidir. Dünyagirlikdən çox-çox uzaq olan şairin şeirlərində bir damla göz yaşıyla, bir şamla, ya bir gül ləçəyilə üzə çıxan dərdlərdən, sevdalardan şeirə tapınan bütün haqq aşiqlərinə ruh yükü bağlamaq daha asandır, nəinki mücərrədliyin daşqırmaz aynalarında oynaşan dərkolunmaz kabuslardan.

Bütün bu hisslərimi şairin ilk kitabını oxuduqda da keçirirdim, onun axarıncı, haqdan ədəbiyyatımızın uğuru sayıla biləcək “Yupyumru bir eşq ilə” kitabını oxuduqda da.

Olur ki, insan çox vaxt sövq-təbii nəsə cana yaxın bir itkisini axtarmaq durumuna düşür, hisslərin caynağında ümidsizlikdən üzülür. Amma bilmir neyləsin. Bax elədə o, həmişə təzə-tər olan Vaqif Bayatlı Odər şeirinə üz tutsa, uzun illərin müşahidələrindən doğan qənaətimə görə, həm yarası qaysaqlanar, həm də dili şükran dualarına gələr tezliklə. Yəni sehrin bircə düyməsi də olsa qırılıb düşər ovcuna.

O, ayrılıqları da sevdirir – İtkiləri qaytarırmış kimi...

O, həm də dərdlə barışdırır – duyulmadan, “yupyumru bir eşq ilə”...

 

Tags