Haqqında yazılanlar,
22 May 2023,
17:05
Azərbaycanın sevgi dolu şairi - Gülarə Yenisey

Gülarə Yenisey

 

Azərbaycanın sevgi dolu şairi

Vaqif Bayatlı Odərdən Türk dünyasına yupyumru bir eşqlə...

Bakıda yaz aylarına məxsus olmayan bir hava hökm sürür. Yağış yağır. Bakı Mətbuat Mərkəzinin konfrans zalında hava şərtlərinə rəğmən qələbəlik var. Tədbirə Azərbaycanın məşhur şair, yazıçı, ədəbi tənqidçiləri – bir sözlə, Vaqifsevərlər toplaşıb. Vaqif Bayatlı Odərin yenicə işıq üzü görmüş kitabı “Yupyumru bir eşqlə” kitabının imza günü. Vaqif Bayatlı əsrimizin Mövlanəsi, Yunus Əmrəsidir. Qəlbindəki bütün sevgi və mərhəmət hissi eynilə şeirlərinə də yansıyıb. Özünün də ifadə etdiyi kimi şair və insan olaraq vəzifəsi insanları bir-birinə sevdirməkdən ibarətdir. “Allah mənə övlad bəxş etmədi. Bu məsələdə böyük bir ilahi hökm var. Yaradan içimdəki bu sevgini, eşqi xalqıma son damlasınadək bəxş etməyim üçün belə bir qərar verib”.

İnsanların sevilmək üçün xəlq olunduğuna, onları bir-birinə sevdirmək vəzifəsi ilə şərəfləndirildiyinə inanan Vaqif Bayatlı bu missiyanı həm şeirsəl yolla, həm də bir şəxsiyyət kimi gözəl örnək olaraq layiqincə yerinə yetirir. Sevgi dolu nəhəng bir ürək, uşaq məsumiyyəti ilə nurlanmış sima, sonsuz mehribanlıqla insanlara açılan qucaq...

O çox fərqlidir. Eynilə şeirləri, müsahibələri kimi. Belə ki, müsahibələrindən birində  “Bakının ən qələbəlik yerlərindən birində oturub gün boyu gəlib-keçən insanların ayaqqabılarındakı tozu silmək istəyirəm” söyləyir.  Necə möhtəşəm bir sevgi, necə misilsiz bir qəlb... Dövrümüzün də ən çox yoxluğunu çəkdiyi, ehtiyacı olduğu şey elə deyilmi?! Dünyanın bu keçməkeşli dönəmində, Azərbaycanın da illərdir nə savaş kimi savaş, nə da sülh kimi sülh olmayan atəşkəs vəziyyətində, bir milyon insanın qəlbinə dərd olmuş qaçqınlıq bəlasında və ən önəmlisi qlobal təzyiqlərin milli dəyərlərimizi unutdurmağa çalışdığı bir dönəmdə bu dəhşətli çətinlikləri aşmaq üçün tək dərman, tək çarə sevgidir. Elə Vaqif Bayatlı da bu ehtiyacı görüb yazır:

 

Bölünməyin, yurddaşlarım

Bir yurd olun, bir yurdlaşın

Bir dərd olun, bir dərdləşin

Mələməyin, bozqurdlaşın

Göydə bu yurdun göz yaşı

Yerdə savaşı qalınca.

 

Mövlana qadını müqəddəsləşdirərək “Qadın haqqın nurudur. Sadəcə sevgili deyil, sanki xaliqdir, məxluq deyil” deyir. Vaqif Bayatlı isə qadınları bağışlama gücünə görə Allaha bənzədir:

 

Həm qadın

Həm də Allah kimi hər qadın

Hər an özünü həm qadın,

Heç özü də bilmədən

Həm də Allah sayar o

Bütün dünya günahlarını qadın kimi dinləyər,

Allah kimi bağışlayar o.

 

Aşıq Veysəlin “Mənim sadiqyarım qara torpaqdır” söyləyir. Vaqif Bayatlı isə qara torpağı böyük bir eşqlə sevdiyi qara qıza bənzədir:

 

Qara qız ol, qara torpaq ol,

Dəlin olum sənin.

Gir qoynuma, tək məni sev,

Son sevgilin olum sənin

Gir qoynuma, dol canıma

Tapmasın heç bir ölkə,

Heç bir ölüm, din səni

Gecə-gündüz öpə-öpə,

Sıən cücərdən güldən gözəl,

Canımdan cücərdim səni.

 

Vaqif bəy bəşəriyyətə olan böyük sevgisini “gül kimi qoxan gül adamlar” bənzətməsi ilə aşağıdakı misralarda dilə gətirir:

 

Gül kimi qoxlamaq istəyirəm adamları

Gül düzəldirəm adamlardan

Gül olmaq istəmirlər ancaq

Deyirlər, güldən adam olmaz.

Allah giildən düzəldib hər şeyi

Sən də gildən düzəlt bizi

Şeir deyirəm, şeir yazıram onlara

Ancaq məndən şeir yoc, gül-çiçəklər

İstəyir gil adamlar.

 

Şairin Türk dünyasının simvollaşmış dənizləri, dağları, adalarına da həsr etdiyi gül qoxulu şeirləri var. “Ana su, Ana xanım” kimi xitab etdiyi Yeniseyə, “ölümsüz Türk dənizində Türk kamanına” bənzətdiyi Kıbrıs adasına Xəzərin sahillərindən bir dəstə gül yollayır.  Elçibəyə ithafən “Savalanım, Tanrı dağım” dediyi ulu Savalana isə belə səslənir:

 

Savalanım, Tnarı dağım,

Uçub sənə qovuşuram.

Qovuşduqca duruluram

Duruluram, duruluram.

Göy üzündən ətirli göy,

Sudan duru gül oluram.

Şükür, Tanrım, şükür sənə

Gül qoxusu gəlir yenə,

Ətəyindən qanadlanıb

Göyləri aşan elimin,

Çiçəkcə, gülcə danışan

Göycə dinən Türk dilimin.

 

Kitabına da adını vermiş olan “Gəl, bir də səni sevim yupyumru bir eşqlə” şeirində isə Vaqif Bayatlı sonsuz sevgisini, ölümsüz eşqinin xülasəsini təqdim edərək ulu Yaradana səslənir:

 

Sevir kimsə kimsəni,

Bir kimsənin üstünə.

Gəl, mən də səni sevim

Yupyumru, yepyeni bir eşq ilə

Yenə sənin üstünnə.

 

Gör, sevgi üstə sevgimi,

Eşq eşqdən baş alan kimi

Eşq eşqi daşıran kimi

Allah da aşıran kimi

Hər ləçəyi ləçəyin,

Gülü gülün üstünə,

 

Göyü göyün, ayı ayın,

Günü günün üstünə.

 

30 iyun 2008

Türkiyə türkcəsindən uyğunlaşdıran:

Aytac Quliyeva

Tags