Haqqında yazılanlar,
03 Aprel 2023,
14:42
 Nüsrət Kəsəmnlinin Vaqif Bayatlı Odərin kitabına yazdığı Ön söz

Nüsrət Kəsəmənli

 

                                  Şehli çiçəyin kölgəsi

 

(“Unudulacaq bütün sevdalar (1986) kitabına ön söz)

  Şehli çiçəyin kölgəsi: Vaqifin şeirlərini oxuyanda, bilmirəm, niyə bu bənzətmə yadıma düşdü? Özünün kövrək təbiətimi, şeirlərinin təravətimi, yoxsa, bir çiçək şehinin güzgüsündə əks olunan göy üzümü xatırlatdı bunu mənə? Bəlkə də, oxuduğum yazılardakı ən adi hadisələrə uşaq heyrəti idi bu? Deyəsən, sonuncu həqiqətə daha çox yaxındır...

  Vaqif Cəbrayılzadə üçün “bu şirinim, şəkərim” dünyada hər şey təzədir; lap elə dünyaya ilk dəfə göz açan bir uşağın marağı kimi. Onun şeirlərində ən kiçik quşcuğaz belə imkanlarından güclü görünür. Əlbəttə, bu, hər şeydən əvvəl, sözün fikir tutumunun poetik imkanlarının gücüdür! Sən demə, şair gözlərində “dəniz göy üzünə qalxa bilərmiş”.

 

...Yoruldu quşun qanadları...

Birdən endi göy,

qalxdı dəniz,

Göy üzü

quşun qanadlarında

 öpdü dənizi...

 

 Bu, yorğun bir quşun imkansızlığı haqqında inamlı və nikbin bir şeirdir.

  Vaqifin şeirlərində ilk baxışda çətin sezilən bir ardıcıllıq duyulur. Bir şeirin sonluğu, özündən sonra gələn şeirin başlığı kimi səslənir. Yazılış anlarının ovqatı, sabit şair mövqeyi, başqasının sevincini duya bilmək, dünyanın yer üzündən göy üzünə uzanan fikir yollarının gələcək adlı həqiqətlərində gəzişmək Vaqifin yaradıcılığına səmimiyyət, romantik ruh aşılayıb.

 

Sevgi sevgiylə,

dərd-dərdlə unudulur,

Unudulacaq bütün sevdalar.

...Ən solğun çiçəklər

ən işıqlı ulduzları

sevəcək yenə də!

                                         (“Unudulacaq bütün sevdalar”)

 

  V.Cəbrayılzadənin şeirləri üsyan və etirazlarını belə, pıçıltıyla deyir. Bu üsyan və etirazlarının gur dalğası isə «tankın üstünə bir dəstə çiçəktək qoyulan yaralı uşaqların” yaşarmış gözlərindən Dantesə, Martınova “diz çök!” əmrini verən Puşkinin, Lermontovun yüz illərdən sonra dünyaya  gələcək həmkarlarının ürəyindən keçir.

 

...Qan çəkən kimi

dərdin doğması da çəkir adamı,

Eyni qapını döyür,

Eyni taleli adamlar.

                                     (“Taleyimizin ağır qapısı”)

   Burada deyiliş də təzədir, düşüncə də, dünyaya münasibət də. Elə Vaqifin şeirlərinin forması da poeziyamızın ənənəvi şeir formaları ilə müqayisədə çox cavandır. Lakin bizə qədim görünənlər də nə vaxtsa təzə olub. Yaranmışlar öz uşaqlıq, gənclik, müdriklik dövrlərini yaşayıblar. Əlbəttə, uşaq ikən unudulanları da az olmayıb... Bunlar gələcəyin işidir. Vaxt, zaman ən dəqiq ölçü meyarıdır. Tarix dəniz kimi özünə lazım olmayanları sahilə qovur. Yalnız dalğalar yenidən dənizə qayıdır. Vaqif yaşıdları içərisində yeni bir dalğadır. Hələlik onun nəğmələrinin bəlkə də, az adam eşidir. Hər  halda bu nəğmə var. O, ümumi səs çoxluğundan ayrılıb təkbaşına oxuyur.

  V.Cəbrayılzadənin oxuduğum şeirlərində sakit bir çay axarı duydum. Əsl rənglər dərində gizlənib. Bu  rəngləri duymaq və şairin daxili aləminə enmək üçün adi, ötəri oxu kifayət deyil.

  Şeir bədii lövhə, poetik həqiqətin təsdiqidir. Vaqifin bir sıra yazıları, nədənsə, mənə rəssamlıq əsərlərini xatırladır. Təsviri sənət əsəri ilə söz lövhəsini eyniləşdirmək bəlkə də, yerinə düşmür. Xüsusilə indiki zamanda, şeirin təsvirçilikdən və sxematiklikdən uzaqlaşdığı bir vaxtda... Əgər söhbət bəsit təsvirdən, neytral seyrçilikdən, hadisələrin faktik nəqlindən getsəydi, şübhəsiz, poeziyadan, özü də bu günün səviyyəsində dayanan poeziyadan danışmaq, onda oxucu üçün maraqlı mənalar, düşündürücü işarələr axtarmaq yersiz olardı. Lakin Vaqifin şeirlərindəki lövhələr az qala “qışqırıq”, ancaq onu qulaqla yox, ürəklə eşitmək lazımdır. Bryullovun “Tufandan qaçan uşaqlar”, Ayvazovskinin “Doqquzuncu val”, Repinin  “Burlaklar” əsərində olduğu kimi...

  İndi vərəqləyəcəyiniz kitab Vaqif Cəbrayılzadənin doğma dilində ikinci kitabıdır. Bu arada onun Moskvada “Sıçrayış” adlı kitabı da nəşr olunub. Həmin kitaba görə Vaqif Mayakovski adına mükafata layiq görülüb. Müəllif oxucularla yeni görüşə daha inamla, poetik axtarışlarının yeni mərhələsindən xəbər verən bir aydınlıqla, həvəslə, ümidlə gəlir.

  Mən isə öz həmkarıma daha çox heyrət, kövrəklik, gözlənilməzlik və daha çox məhəbbət arzulayıram!

 

 

 

Tags