Tərcümələr,
23 İyun 2023,
10:00
Vaqif Bayatlı Odərin tərcüməsində Robert Börnüsün şeirləri

Vaqif bayatlı Odərin tərcüməsində Robert Börnüsün şeirləri

Ferqusson haqqında

 

Lənət o adamlara

Şirin-şirin dinləyib şairin şeirlərini

Acından öldürürlər şairin özünü sonra.

 

Ey mənim bədbəxtlikdə məndən uca qardaşım,

Şeiri məndən ucaya qalxan, uçan qardaşım,

Ağlayıram mən yenə o bəxtsiz taleyinə,

Dünyanın dadını hamıdan çox duya-duya

Niyə öyrəşə bilmir şairlər bu dünyaya?!

 

Mənim Conum, Con Anderson

 

Canım, Conum, Con Anderson,

Mən səni ilk gördüyüm gün

Saçların quzğun kimiydi,

Dümdüz idi alnın, üzün.

 

İndi başın qar içində,

Yarı qarlı, yarı dazsan,

Yenə Allah başın üstdə,

Canım Conum, Con Anderson.

 

Biz onda çıxırdıq dağa,

Nə sevgili gün idi, Con,

Sevirdik bir-birimizi,

Hamı onda gül idi, Con.

 

Enməliyik dğödan daha

Dağın altında yatmağa,

Bizi gözlər eyni bir son,

Canım, Conum, Con Anderson.

 

Dəng eləyir məni, söyür arvadım

 

Dəng eləyir məni, söyür arvadım,

Söyür, söyür, sonra döyür arvadım,

Başında oturar, çıxar çiyninə,

Öz başına qoysan, deyir, arvadı.

 

İstəyim bir isti yuvaydı ancaq,

Evləndim mən axmaq bunu eşq sayıb,

Allah! Bu dünyada heç kəs mənimtək

Söyüşlə, qarğışla qarşılaşmayıb.

 

Sakitcə, rahatca sonuma uçum,

Yoxsa əzablarda bişəcəyəm mən,

Hər gün cəhənnəmi gördüyüm üçün,

Şübhə yox, cənnətə düşəcəyəm mən.

 

Kişi, çox danışma, kişi

 

Kişi, çox danışma, kişi,

Barışıq yolun deyirəm,

Bil, mən sənin arvadınam,

Nökərin, qulun deyiləm.

Canım Nensi, gözüm Nensi,

Arvad olsun, ya da kişi,

Gərək onlardan birisi,

Tabe olsun o birinə.

 

Yenə ağatək əmr versən,

Bir söz desən güldən ağır,

O gündən mən də ağayam

Mən getdim, ha çağır, bağır.

Onda Nensi, onda mən də

Dərd çəkərəm, qəm çəkərəm,

Bu dərddən, qəmdən çıxmağa

Çalışıb əncam çəkərəm.

Vaxtı çatıb mən yazığın,

Dönübdü taleyim, baxtım,

Uzanaram qəbrimə mən

Neylərsən sən, onda, baxım?!

Onda Nensi, onda mən də

Pənah aparram Allaha,

Allah mənə qüvvə verər

Bu dünyada yaşamağa.

Ondan sonra da qoymaram

Rahatlığı yaxınına,

Hər gecə cinə dönərəm

Gəlib girərəm yuxuna.

Onda Nensi, sənə bənzər

Bir arvad alaram yenə,

Bütün cinlər qorxar ondan,

Qorxar qaçar cəhənnəmə.

 

Üstü unlu dəyirmançı

 

Üstü unlu dəyirmançı,

Unlu üstü, başı, saçı,

On gümüş pul xərci çıxar,

Beş quruş olar qazancı.

 

Unludu cibi, cübbəsi,

Qaşı, gözü, üzü unlu,

Üçdə beşdə mənə çatan

Öpüşü, xoş sözü unlu.

 

Üstü unlu dəyirmançı,

Şalvarı, köynəyi unlu,

Cibindəki gümüş pulu,

Yediyi yeməyi unlu.

 

Unludu hər şeyi onun,

Unu qonar suya, çaya,

Lap tumanımı istəsin,

Peşkəşdi dəyirmançıya.

 

Mənim sevdiyim qız uşaqdı hələ

 

Mənim sevdiyim qız uşaqdı hələ,

Mənim sevdiyim qız uşaqdı hələ,

Körpə çiçəkdi o, qönçə güldü o,

Gözlərəm böyüyər bir-iki ilə.

 

Onu gözlədiyim günlərə lənət,

Onu gözlədiyim günlərə lənət,

Malla, pulla, güllə aldılar onu,

Mallara, pullara, güllərə lənət.

 

Süz bir də, bir az da, bir damla da süz,

Süz bir də, bir az da, bir damla da süz,

Mən burda tapmadım istədiyimi,

Başqa yerdə gəzin sevginizi siz.

 

Yandıq, içdik yandıq, çıxdıq sabaha,

Yandıq, içdik yandıq, çıxdıq sabaha,

Bir yol kamançının arvadın öpüb

Dua oxuyammır bu keşiş daha.

 

Moçlaynlı arvadbaza başdaşı yazısı

 

Ağlayın Moçlaynın bütün ərləri,

Sizin dərdinizdi onun tək dərdi,

Darıxmasın deyə arvadlarınız

O sizə can-başla kömək edərdi.

 

Moçlaynlı balalar, siz dəstə-dəstə,

Hər gün burdan keçib gedəndə dərsə,

Atılıb düşməyin o qəbrin üstə

Atanızdı yatan çox güman orda.

 

Mənim arvadımı məndən

 

Mənim arvadımı məndən

Ala bilməz heç bir bəndə,

Bir kimsə məni alçatmaz

Bir kəsə dəymərəm mən də.

 

Bir kimsəyə borcum da yox,

Görəndə qalxam, əyiləm,

Nə borc verməyə pulum var,

Nə borc almaq istəyirəm.

 

Nə bir qulun ağasıyam,

Nə də bir ağanın qulu,

Üstümə xəncər çəkənin

Xəncəriylə düşər qolu.

 

Şadam, azadam hər zaman,

Olmaram heç nəyin acı,

Ehtiyacım yox bir kəsə,

Bir kəsin də mənə ehtiyacı.

 

Özünü öldürən adama

 

Dartıb çıxartdı öz kökünü yerdən

Bu iblis əkən, bu pisdən pis adam,

Asıb özünü qurtardı Allahı

Onun canını almaq əzabından.

 

Bəbinqton soyadlı bir keşişə həsr olunduğu bildirilir

 

Onun bic-bic baxan gözləri qıyıq,

Deyir, bizə baxın, aldanın, nolar,

Biz papış tikirik, qazdan ayığıq,

Bircə bunu yalan söyləmir onlar.

 

Bir gümüş qədəh

 

Get mənə bir şüşə al şərab gətir,

Bu gümüş qədəhi doldur mənimçün,

Son gün sənin könlün xoş olsun deyə

Getməmişdən qabaq gərək mən içim.

 

Gəlib çatıb artıq ayrılıq dəmi,

Bərədən sərt külək şığıyır bəri,

Ən çox əsgərini gözləyir gəmi,

Qalxıb getməliyəm, gözəlim Meri.

 

Döyüş quşlarıtək uçur bayraqlar,

Parıldayır sıra-sıra nizələr,

Bu qanlı davanın son döyüşünü

Döyüşə çağırış səsləri bənzər.

 

Döyüş səsi deyil uzaqdan gələn,

Nə sahil, nə dəniz nəriltisi bu,

Səni tərk etməyin, ölüb itməyin,

Səni tək qoyub getməyin səsi bu.

 

Eliza

 

Ayrılmalıyam mən səndən, Eliza,

Məni doğma yurddan oynadır tale,

Sahilsiz dəryanı atıb araya,

Elə hey fırladır, qaynadır tale.

 

Qışqırıb gülürlər sahilsiz sular,

Girirlər eşqimlə arama mənim,

Mənim qəlbim, canım çoxdan səndədi,

Bilmirəm neylərlər harama mənim?!

 

Əlvida, bəxtimə açılan gözəl,

Əlvida, Eliza, gözüm, əzizim,

Göydən bir səs gəlir qulağıma hey,

Ulduzumuz bir də görüşməz bizim.

 

Ürəyim son dəfə çırpınır, durur,

Ölüm necə qalib dayanıb, Allah,

Səninçün dərdiyim sonuncu güldü

Səninçün çəkdiyim bu sonuncu ah.

 

 Dun sahilləri

 

Ey Dun sahilləri, Dun sahilləri,

Ey nəğmətək uçan balaca quşlar,

Siz necə olmusuz sevgili, gözəl,

Necə oxuyursuz beləcə, quşlar.

 

Siz nəğmə dedikcə, oxuduqca siz,

Zaman da geriyə axırmış kimi,

Qaytarırsız mənim keçmişdə qalan

Heç vaxt dönməyəcək sevgilərimi.

 

Gözəl Dun, gələrəm sahillərinə,

Sənin güllərini qoxlamaq üçün,

Quşların oxuyar sevgidən yenə

Məni də sevgidə yoxlamaq üçün.

 

Mən də bir tikanlı qızılgül qırdım,

Yaşadım ömrümün gül anlarını,

Mənim də gülümü qırdı bir zalım,

Mənə qoyub getdi tikanlarını.

 

Sən düz yerdə yatmamısan, qız

 

Sən düz yerdə yatmamısan,

Uzanmısan, qalmısan, qız,

Sən qəribə bir adamla

Çox qəribə bir yataqda olmusan, qız.

 

Qız, sən indi otlardan da yaşılsan,

Hayıf, hayıf, al yanaqlı o qıza, qız,

Kəsilməyib, gödəlməyib heç nəyin,

Amma donun necə olub qısa, qız?!

 

Sən özünü vurmusan, qız, gicliyə,

Xəbərin yox, sənə necə gülürlər,

Olanın, qalanın, bitənin haqda

Heç sən özün bilməyəni bilirlər.

 

Sən nəğmələr oxumusan meşədə,

Rəqs etmisən qum təpəsi üstündə,

Girmisən sən arıların içinə,

Arı gəzir bədənində, üzündə.

 

Qırmızı-qırmızı qızılgül

 

Qırmızı-qırmızı açar qızılgül,

Mənim sevgim kimi açılar gülü,

Mənim sevgim şirin-şirin oxunan,

Qızılgül qoxuyan bir hava kimi.

 

Sənin gözəlliyin qədər bu sevgi,

Bu sevgi bu dünya bitənə qədər,

Mən səni sevdikcə sevərəm, gözəl,

Dənizlər quruyub itənə qədər.

 

Dənizlər quruyub itənə qədər,

Qayalar dağılıb yıxılanacan,

Mən səni sevdikcə sevərəm, gözəl,

Qumlar dənizlərdən yox olanacan.

 

Mənim bircəm, qönçəm, çiçək ol, gül ol,

Açıl sevgiylə sən hər gələn günə,

On min mil uzağa getsəm də səndən,

Sənin sahilinə dönərəm yenə.

 

Vilyam Qrehemə başdaşı yazısı

 

Villi son nəfəsini oğrunca alan anda,

Təbiət dedi ölümə : Qoyma, qaça oğrunu!

Neçə illər güc yığıb yaratmışam mən onu,

Bir də necə yaradım mən belə gic oğlunu.

 

***

 

Siyasətə girdin, orda kor, kar ol,

Bil, bir gün sənin də zamanın gələr.

Siyasətdə ancaq böyük tülkülər

Baxıb görə bilər, eşidə bilər.

 

Consonun Həmpden haqqında fikrinə

 

Qoy azadlığa qarşı dursun bu biclik,

Bu axmaqlıq, bu giclik,

Bu, düşmənlə birləşməkdi,

Düşməni güldürməkdi, dahi,

Öz zadlığına qarşı olmaq

Öz-özünü öldürməkdi, dahi.

 

 

                                   

Bir məktəb müəlliminə

 

Şəxsən Villi Miçdi burda uzanan

Tez ol, apar onu, ay şeytan lələ,

Şeytan məktəbində gözəl dərs deyib,

O əsil şeytanlar yerirə bilər.

 

Börnsün dediyi sağlıq

 

Kimlərinsə yeməyi var, yeyə bilmirlər ancaq,

Kimlərinsə yeməyi yox, hey yemək istəyirlər,

Bizim həm yeməyimiz var,

həm də yeyə bilərik bir daha,

Gəlin elə, tək bununçün şükür eləyək Allaha.

 

Cubbulu  Coniyə!

 

Oxucu, sən də bil bunu

Ölümü öldürüb Conu,

Ölüsü bu! Ruhu ancaq

Heç zaman olmayıb onun.

 

Başdaşı yazısı: Burda Robert Ferqusson yatır.

 

Nə mərmər başdaşı var – qəmlə yazılı üstü,

Nə güllü xiyabanı, nə heykəli, nə büstü,

Burda şairi yatır dərdli Şotlandiyanın

                             dərd-qəminin altında,   

Şotlandiyanın dərdi inildər keçər burdan –

Şairinin qəbrindən, şairinin qəlbindən.

Tags