Tərcümələr,
20 Aprel 2023,
13:03
Bulat Okucavanın şeirləri Vaqif Bayatlı Odərin tərcüməsində 

                     Bulat Okucava

                                                 

Mən bilirəm, bir gün qaranlıqlardan

Bir qapqara mələk çıxar qırağa.

Çıxıb da qışqırar qaranlığa o,

– Heç kimə, heç nəyə xilas yox daha!

 

Bir ağ mələk çıxar onun dalınca,

Xoş söz kimi bənzər çiçəyə, gülə.

Deyər uça-uça, lap yavaşca o:

– Qorxmayın, qorxmayın, ümid var hələ.

 

                 Roma imperiyası yıxılan vaxt

 

Roma imperiyası yıxılan vaxtı

Möhkəm  görünürdü əvvəlkindən də.

Çar da yerindəydi, çarın taxtı da,

Həyat da gözəldi məruzələrdə.

 

Tənqidçilər deyəcəklər:

Romaya aid deyil bu “məruzələr” sözü;

Bu səhv bir heçə çevirir, bəlkə də, bu nəğməni.

Bəlkə də, bu belədi, amma əslində, düzü,

Bu, mənə mane olmur, ancaq ucaldır məni.

 

Yox olan imperiyanın yıxılan adamları,

Yeyib-içdikcə şişirdi qarınların damları.

Ayılıb-yalvarırdılar “duzlu xiyar” deyə-deyə,

Heç kim bilmirdi hələ yıxılmaqda imperiya.

 

Tənqidçilər deyəcəklər:

Romaya aid deyil bu “duzlu xiyar” sözü,

Bu səhv bir heçə çevirir, bəlkə də, bu nəğməni.

Bəlkə də, bu belədi, amma, əslində, düzü,

Bu, mənə mane olmur, ancaq ucaldır məni.

 

Yıxılan imperiyanın yuxulu cavanları

Hey irəli cuma-cuma keçirdilər hücuma.

Gah Avropada ucada, gah da uca Pamirdə,

Gah da sevgili Parisdə, gözəl hərbi mundirdə.

 

Tənqidçilər deyəcəklər:

Romaya aid deyil  bu “hərbi mundir” sözü,

Bu səhv bir heçə çevirir, bəlkə də, bu nəğməni.

Bəlkə də, bu belədi, amma əslində, düzü,

Bu, mənə mane olmur, ancaq ucaldır məni.

 

Yıxılan imperiyanın yıxılan xanımları

Razıydılar o vaxtkı qaydalara, duruma.

Bütün bağlı qapılar hər an açıqdı onlara,

Kefin istər, açıq elə, istəməz, get foruma.

 

Tənqidçilər deyəcəklər: Ax, forum, forum, forum,

Bax budur Romaya aid əsl söz, əsl durum.

Ancaq elə bircə bu söz bəzəyir bu mahnını,

Bilmirəm ancaq niyə qoymur düşünməyə məni.

 

 

Nəğməvari

 

Ləyaqətli olsun, vicdanlı olsun

Bizim döyüşümüz, bizim hərbimiz:

Hətta davada da alicənablıq –

Budur dərmanımız, budur həbimiz.

 

Gözəldi, doğmadı onların üzü,

Gərək o üzlərə inanasan tək.

Bəlkə, heç qalib də olmayacaqsan,

Ancaq öləcəksən əsl insantək.

 

Tərcümə edən: Vaqif Bayatlı Odər 

Tags