Müsahibələr,
10 İyul 2023,
13:51
Polislər qabağıma çay qoyub - Vaqif Bayatlı Odər ilə ədəbi söhbət 

Polislər qabağıma çay qoyub

 

– Vaqif müəllim, sizcə, şairlər alın yazısıyla niyə oyun oynayırlar, bəzən də şit-şit zarafatlar edirlər.

– Vallah, mən bilmirəm. Söhbət əsl şairlərdən gedir?

– Ümumiyyətlə...

– Görünür, bu oyunlarda çox maraqlı şeylər var ki, dünyanın ən məşhur qumarbazlarından biri Dostoyevski də o işlərlə məşğul olub.

– Amma sizin şeirlərinizdə alın yazısına münasibət tamamilə başqadır. Yəni başqalarından fərqli olaraq, münasibət oyun üzərində qurulmayıb.

– Allahın varlığını qəbul eləyiriksə, kainatı Allahın yaradıcılığı hesab eləyiriksə, belə şeylərlə oyun oynamaq lazım deyil. İnsan Allahın tipləridir. Bizim hamımız, əslində, balaca Allahlarıq. Bir az da dəqiqləşdirim, biz bala Allahıq. Xüsusilə Allahın sevdiyi insanların hamısını mən bala Allah hesab eləyirəm. Yəni Allahın balaları. Mənim düşüncəmdə belədir ki, Allahın yaratdığı obraz onun balası olmalıdır.

– Haqqınızda ən çox deyilən fikirlərdən biri də budur ki, Vaqif Bayatlının əvvəl yazdığı şeirlər çox gözəl idi, sonra onların üzərində işlədi və dəyişdi deyə şeirlər sehrini itirdi...

– Başa düşə bilmirəm ki, adamlar niyə bu işlə məşğuldur. Onlar səhv eləyir. Mən şeirlərimin üzərində işləyib-eləmirəm. Sadəcə, o vaxt kitabımda gedən bəzi şeirləri məndən icazə almadan dəyişdirirdilər. Orijinal variantda getməyə qoymurdular. Sonra mən o şeirləri olduğu kimi yenidən çap elədim. Yəni sadəcə, mən o şeirləri bərpa elədim, heç nə dəyişib-eləmədim.

– Maraqlıdır, dəyişmək istədiyiniz şeir heç olmayıb?

– Tək-tük şeirlərim olub ki, müəyyən qədər dəyişdirmişəm. Hər halda, dəqiq bilirəm ki, Azərbaycanda şeirlərini ən az dəyişən adamam.

– Amma adınız belə çıxıb...

  •  Hə, adı ən çox çıxan adam da elə mənəm.

 – Görünür, sizin “Tənha ulduz altında” kitabınız elə bir rezonans doğurub ki, orda bir misranın dəyişməsini də qısqanırlar.

 – Çox dəqiq deyirsən ki, qısqanırlar.

 – Bu qısqanclıq da sevgidəndir.

 – Mən sənə bir şeyi də deyim ki, hər insan bir dövrdə qalır. Elə bilirsən, bütün insanlar get-gedə inkişaf eləyir?

 – Demək istəyirsiniz ki, onlar Vaqif Cəbrayılzadədə qalıblar?

 – Ümumiyyətlə, mənim oxucularımın bir hissəsi birinci kitabımda qalıb, bir xeyli hissəsi ikinci kitabımda, bir hissəsi üçüncü kitabımda...

 – Elələri də var ki, son kitabınızdadır, heç birincidən xəbərləri yoxdur.

 – Maraqlıdır ki, mənim son şeirlərimi indiki nəsil daha çox qəbul eləyir, köhnə nəsil elə deyir, köhnə şeirlərin yaxşıdır. Çox qəribədir.

 – Əsas odur ki, sizi böyük şair kimi qəbul edirlər.

 – Bilirsən, şeirləri kimi hər  bir şairin oxucuları da böyüyür, yaşlanır. Amma şeirlər öz yaşında qalır və şair yaşlandıqca şeirlər ondan uzaqlaşır. O şeirlərin oxucuları da şairdən uzaqlaşır.

 – Deməli, keçmiş şeirlərinizlə o qədər də aranız yoxdur, daha çox yeni şeirlərinizlə yaşayırsınız...

 – Mənim indi yazdığım bir misramda əvvəl yazdığım bir şeirin gücü var. Bunu özüm də hiss edirəm. Amma kimsə mənim hansı dövrümdə qalıbsa, bu da mənim üçün xoşdur. Eşq olsun!

 – Vaqif müəllim, tez-tez təxəllüs dəyişməyiniz nə ilə bağlıdır? Təxəllüsünüzü tez-tez dəyişirsiniz deyə, adamlar inanır ki, yəqin şeirlərini də dəyişir.

 – Axı təxəllüsünü dəyişən təkcə mən deyiləm, çoxları var ki, tez-tez təxəllüslərin dəyişiblər. Məsələn, İsa Hüseynov İsa Muğanna oldu. Sabir Əhmədov Sabir Əhmədli oldu. Ramiz Müskanlı Ramiz Rövşən oldu.

 –  Bəs niyə sizin dəyişməyiniz daha çox səs-küy yaradır və tez-tez hallanır?  

 – Bir kitabımda bunun çox gözəl izahı var. Orda yazmışam ki, Vaqif Cəbrayılzadə bir dövrdür, Bayatlı başqa bir dövrdür, Önər başqa, Odər başqa. Tofiq Hacıyevin də bu haqda çox gözəl bir məqaləsi var, bu dövrləri orda yaxşı izah eləyib.

 – Ümumiyyətlə, məqsədiniz nədir?

 – Məqsədim həm də odur ki, istəyirəm Azərbaycanda bu adlar qoyulsun, lazımdır ki, bu adlar cəmiyyətimizə gəlsin.

  – Vaqif müəllim, deyilənə görə, siz şeir yazmağa çox gec başlamısınız.

  • Hə... Çox qəribədir ki, mən yaradıcılığa nəsrlə başlamışam.

 – Adətən, şeirlə başlayıb, sonra nəsrə keçirlər. Sizdə əksinə olub.

  • Şeirdən xoşum gəlmirdi, amma nəsri çox xoşlayırdım, 16-17 yaşımda iki povest də yazdım.

 – Maraqlıdır. Mövzusu nə idi?

 – Özümü öldürmək istəyirdim, onun haqqında idi. O povestlərdə həyatda gördüyüm maraqlı detallar vardı.

 – Çox istərdim o povestləri oxuyum.

 – Məsələn, bir dəfə mikrorayonda gördüm ki, bir kişi özünü öldürmək istəyir. Deyəsən, içmişdi. Özünü gəlib-gedən maşınların altına atmağa çalışırdı. Yazıq nə qədər əlləşdi, maşınlar onu vurmadı.

 –  Doğrudan da, maraqlıdır.

– Gedib o adama kömək elədim, birtəhər onu maşınlardan qopardıq. Sonra bu gördüyümü nəsrlə yazdım.

 – Hardasa yazmışdınız ki, bu məmləkətdə hətta özünü öldürmək də mümkün deyil.

 –  Düzdür, elə bir şey yazmışdım.

 – Bəs necə oldu ki, şeirə keçdiniz?

 – Vallah, şeirə necə keçdiyim heç özümün də yadımda deyil. Bir də gördüm ki, şeir yazıram.

 Sizi o vaxt çap eləmirdilər...

 –  Mümkün deyildi. Məni heç yerdə çap eləmirdilər. Amma fikirləşirəm ki, nə yaxşı çap eləməyiblər. Çap olunmamağımın mənə çox xeyri oldu.

 – O necə xeyirdir ki? 

 –  Çünki çap olunmayanda daha azad idim, ürəyim nə istəyirdi yazırdım. Onsuz da bilirdim ki, çap eləməyəcəklər. Yazırdım. O çap olunmayan şeirlərimdən xeylisi hələ də heç yerdə getməyib. Evdə durur. Çap eləməyə həvəsim yoxdur.

 –  Sizi niyə çap eləmirdilər?

 – Çünki şeirlərimin içində sovet hökumətinin dədəsinə qədər söyürdüm. Ən azad vaxtlarım idi. Hətta xaricə getmək istəyirdim. Növbəm çatmışdı, mənə ev də vermirdilər. Neçə dəfə həbs olundum, məni aparıb gizli yerlərdə dindirdilər. Dedim, mənim qanuni evimi vermirsiniz, heç olmasa, imkan verin, gedib xaricdə yaşayım.

 –  Sizə işgəncə veriblər?

  • Yox, olmayıb. Hətta mənə yaxşı qulluq da eləyiblər. Mənə çay-zad veriblər. Yadıma gəlir, DTK-da oturduğum kresloda xeyli mürgülədim.

 –  Neçənci illər idi?

 –  Vallah, yadımdan çıxıb.

 – Hər halda, hər şairin qabağında DTK-da çay qoyulmazdı.

 – Hə, hörmət edirdilər. Ümumiyyətlə, məni nə vaxt tutublarsa, qabağıma çay qoyublar. Mədəni insan hər yerdə mədənidir. Elə olub ki, polislər də qabağıma çay qoyub.

 – Atam danışır ki, bir vaxtlar Vaqif Bayatlıya yaşıl köynəkli oğlan deyirdilər.

 – Hə, dilimizin adı ilə bağlı parlamentdə müzakirələr gedəndə rəhmətlik Heydər Əliyev mənə “yaşıl köynəkli oğlan” demişdi. O vaxtdan da adım belə qaldı.

 –  Maraqlıdır...

 –  Heydər Əliyevin mənə qoyduğu bu ad özümün də çox xoşuma gəldi. Hətta bir ara təxəllüsümü də belə etmək istəyirdim.

 –  Vaqif Yaşılköynək...

 –  Hə, Vaqif Yaşılköynək... Çox xoşuma gəldi.

 – Yaşılköynək oğlanın fikrincə, insan hara qədər azad ola bilər? Yəni azadlığın da bir həddi, sərhəddi var?

 – Söhbət əsl insandan gedirsə, onun azadlığının həddi olmamalıdır. Amma insan olmayan insanın azadlığının şübhəsiz ki, həddi də olmalıdır, sərhəddi də. Çünki insan olmayan insan hamını özünə çevirə bilər.

 –  Bəzən də insan o qədər azad olur ki, axırda özü azadlığının köləsinə çevrilir.

 –  İlahinin iradəsiylə bütün kainat azaddır. Mən eşitməmişəm ki, kimsə azadlığın köləsinə çevrilsin. Belə şey mümkün deyil. Mümkündürsə də, təki azadlığın köləsinə çevrilsinlər. Mən azadlığımın köləsi olmağa həmişə hazıram.

  • Niyə deyirlər ki, Vaqif Bayatlı göydən yapışıb, yerə düşmək istəmir?

 – Yer üzü balaca bir şeydir. Allah bizi yer üçün yaratmayıb, göy üçün yaradıb. Biz göy üzüylə nəfəs alırıq, daha çox göy üzü ilə duyuruq.

 – Vaqif müəllim, uşaq kimisiniz... Çox qəribədir.

 – Əslində, hamı gəncdir. Bir dəfə bir şeirimdə də yazmışdım ki, dünyada insanlar uşaqdır. Hətta ən qatı cani də. Yəni insanın canında uşaqlıq gizlənib.

– Hamı sizin haqqınızda yaxşı şeylər danışır. Deyirlər, Vaqif müəllim çox adama əl tutub, kömək edib.

– Belə deyirlərsə, çox sağ olsunlar.

 – Məsələn, Qurban Yaquboğlu deyir ki, ali təhsilim olmaya-olmaya Vaqif Bayatlı məni “Xəzər” jurnalında işə götürdü.

 – Hə, elə bir şey olub. Düzdür, sonra bir ara prosesdən uzaqlaşdı, bilmədim nə yazır, amma Qurban son dərəcə talantlı bir adamdır. Onun ilk şeirlər kitabını, həm də jurnal içində kitabı mən çap etmişəm.

 – Deyəsən, yenə də ali təhsili olmaya-olmaya Aqil Abbasdan xahiş etmisiniz ki, Qurban müəllimi “Ədalət” qəzetində işə götürsün.

 –  Ümumiyyətlə, belə şeylər çox olub.

  Heç biri də unudulmur.

  •  Yeri gəlmişkən, Aqil Abbas mənim dostumdur, ona şeir də yazmışam.
  • Dostunuz olduğu üçün, yoxsa...
  •  Aqil Abbasla münasibətlərimiz həmişə yaxşı olub, digər tərəfdən, bizim ən yaralı yerimiz olan Qarabağdan ən çox o yazıb. Bunu şeirimdə də yazmışam.
  •  Vaqif müəllim, qadınlarla münasibətiniz necədir?

 – Həmişə çalışmaq lazımdır ki, qadınlarımızın könlünü xoş eləyəsən, əziyyət verməyəsən.

  Axı onlar bizə əziyyət verirlər.

 – Əziyyat verirlər, yaxşı eləyirlər. Kişinin sənəti əziyyət çəkməkdir. Kişi elə əziyyət deməkdir.

 – Səhhətiniz necədir?

 – Təzyiqim var. Evdən kənara çıxa bilmirəm. Həmişə evin yaxınlığında oluram. Havam çatmır.

 –  Allah şəfa versin.

 – Səni Nuh əyyamından tanıyıram. Yazılarını həmişə böyük sevgiylə oxuyuram.

 – Dəvətimizi qəbul eləyib, bura gəlməyiniz bizim üçün böyük şərəfdir. Evinizdən bu qədər uzaqlaşdığınız üçün sizə təşəkkür edirəm.

 – Çox sağ ol, mən də çox şərəfləndim ki, xətrini çox istədiyim adamlarla bir yerdəyəm. Sizə təşəkkürümü bildirirəm, uğurlar arzulayıram.  

 

01.06.2017

Publika.az

Söhbətləşdi: Kəramət Böyükçöl

 

Tags