Müsahibələr,
15 Mart 2023,
15:42
O ancaq hamı sındırılandan sonra rahatlaşır - Vaqif Bayatlı Odərin müsahibəsi

 

O ancaq hamı satılandan, sındırılandan,

onun kimi olandan sonra rahatlaşır

– Vaqif bəy, sizin üçün belə bir cəmiyyətdə, belə bir mühitdə yaşayaraq şair olmaq necə duyğudur?

– Bu suala şeirlərimdən birinin dörd bəndi daha dəqiq cavab verir:

 

Nədən burda xeyir də şər,

elə şər də bir təhərdi,

sinəmə dirənən güllə,

ya məni boğan qəhərdi?

Canımda can qalmayıbsa,

bəs ağrıyan bu can nədir?

Tanrım, dünyanı anlatdın,

nolar, xəlvəti de mənə:

 

– Bəs bu Azərbaycan nədir?!

 

Nə bir-birimizi, ilahi,

nə səni anlaya bilmirik,

gecə-gündüz banlayırıq,

ancaq bir səhər açılmır,

bəlkə banlaya bilmirik?!

Deyirlər day banlamayın,

fərələr ölkəsi olaq,

banlayanları təkləyək,

elə başını qaldıranı,

yerindəcə dimdikləyək.

 

– Bir yaradıcı insan kimi bu günə qədər sizə verilən qiymətdən razısınızmı?

–  Vaxtilə Gürcüstanın Dövlət Mükafatı Komitəsi xarici ədiblər üçün ən yüksək mükafatını mənə təqdim edərkən gürcü TV-lərindən biri də eynilə bu sualı vermişdi. O vaxtdan illər keçsə də cavabım dəyişməyib: mənimçün ən böyük mükafat bu canı, istedadı və dili verən Tanrının məni bu üç mükafata birdən layiq bilməsidir. Bu üç mükafat üçün mən hər gün Tanrıya dua edirəm.

– Sizin şeirlərinizi oxuyanda adama elə gəlir ki, siz yerdə yox, göydəsiniz. Bu yerdən – özündən, cəmiyyətdən qaçmaq cəhdləridir, yoxsa Allaha qovuşmaq cəhdləri?

– Tək mən yox, elə siz hamınız göydəsiniz, çünki üstündə möhkəmcə dayandığınız bu yer üzü özü göydədir. Həm də o yad bir cisim kimi yox, göyüzünün bir hissəsi, göyüzünün özü kimi göyüzündədir. Yəqin ki, bunu hamıdan çox duyduğumdan, hamıdan çox gördüyümdən və bu qabliyyətləri Tanrının hamıdan çox mənə verdiyindən bu barədə də hamıdan daha çox mənə yazdırır.

– Bir şeirinizdə deyirsiniz ki, “mən sizi sevdirməkdən, sizləri sevməkdən öldüm”. Ümumiyyətlə, sizin bu toplumda “yaşamağınıza mane olan hansı səbəblərdir?

– Mane olan yox, məni hər an ağrıdan, tapançasının lüləsini sinəmə dirəyib, tətiyi çəkməyən səbəblər – onlara üç “YA-YA-YA” da demək olar; cəmiyyətimizi bürüyən, əsas dolanışıq mənbəyinə çevrilən YaYaYa-lar – Yalanlar, Yarınmalar, Yadlaşmalardır.

Biz sosializmin ən pisini qurduq, indi isə kapitalizmin ən pisini, ən quldurunu qururuq. Ən dəhşətlisi isə, hər yerdə, TV-də, radioda, qəzetlərdə gedən yalanlardır. Hər halda onlar müəyyən qədər əhalini bu yalanlara inandıra bilirlər. Sonra isə yarınmalar, yaltaqlanmalar, millətinə, torpağına yadlaşanlar başlayır. Dalınca da rüşvət, harınlıq. Ancaq unutmasınlar ki, tarix hökmdarların yalan və yaltaqlıqla yıxılmasını əks etdirən səhifələrlə zəngindir.

– Sizcə, bizdə vətən anlayışı düzgün başa düşülür? Sizinçün vətən nədir? Hardasa doğulmaq, yaşamaq, hardasa ölmək o yerin vətən olması üçün əsas şərt sayıla bilərmi?

–  Mənimçün əsas insanın vətəni yox, özünün vətən olmasıdır. Bu, mənim son kitabım olan “Yupyumuru bir eşq ilə-nin əsas istqamətlərindən biridir: İnsanları bir-birinə sevdirmək! Kitabda deyirəm:

 

Bil, sən sevdirdiyin qədər

sevdirdiklərinə vətənsən.

Vətən ol – hamını hər an doğma et,

sevdir, cocuğa çevir,

hər an hamının ayağını öpmək ucalığına

en vətən torpağıtək,

həm də hər an qalx özünü

öt vətən göyütək.

 

Burada həm də siz deyən vətən haqqında da cavab var. Daha doğrusu, dilimizdəki “Vətən” anlamı mənim “Vətən” anlamımın ancaq bir hissəsidir.

– Sizin fərqli bir yazar – fərqli bir şair olduğunuz barədə çox deyilib, çox yazılıb. İndi bunu özünüzdən soruşmaq istəyirəm, axı sizin yaradıcılığınızı başqalarından fərqləndirən nədir?

–  Bunu hər halda başqaları məndən daha yaxşı deyə bilər. Özümə gəldikdə isə mən mümkün olmayanları mümkün etməyə çalışıram. Bunun sonunu isə kitabımın son üz qabığında vermışəm: “Bir zaman, bir an gələcək, dünya da vərəqlənəcək, Allahın ətəyinə sığınan ağlasığmaz xəyalların, ruhi ucalışların həqiqət, yerüzü həqiqətlərininsə qaralanmış olduğu bilinəcək”. Yəni, Tanrı hər şeyi öz yerinə qoyur və qoyacaq.

– Məncə, azərbaycanlı yazarın, ziyalının istedad problemi yoxdur, şəxsiyyət problemi var. Bəs bu barədə siz necə düşünürsüz?

– Tamamilə, düz buyurursunuz, yazarda, ziyalıda şəxsiyyət yoxdursa, hər “güclüyə”, vəzifəliyə əyilirsə, yəqin ki, istedadı tezliklə məhv olacaq. Ən qorxulusu da həmin istedadın müəyyən post tutub bütün istedadları özünün gününə salmağa cəhd etməsidir. O ancaq hamı satılandan, sındırılandan, onun kimi olandan sonra rahatlaşır. Ölkədə tək bircə müstəqil, əyilmən adam qalırsa, məhv edilmirsə, o da daim səksəkədə yaşayır.

– Dostluq etdiyiniz yaradıcı insanların, şairlərin sizə qarşı qısqanclıq, paxıllıq etdiyi məqamlarla qarşılaşmısınızmı?

– Ağzınızda “dost” deyirsiniz. Həm dost olub, həm də paxıl, qısqanc olmağı təsəvvürümə gətirmirəm. Bəlkə də, belə şeylər olub. Ancaq mən bilirəm ki, Allah məni belə mənasız hissləri duymaq, onlar barədə düşünmək üçün bu dünyaya gətirməyib.

– Yazırsınız ki, “şeir həmişə olanları yox, olacaqları yazı”r. Onda belə çıxır ki, sizin yazdıqlarınız gələcəyə hesablanıb. Bu sizin inancınızdanmı irəli gəlir?

– Əslində, şair bir şey yazır, oxucu öz qabliyyəti səviyyəsində başqa bir şey duyur. Mənimçün, əslində, bircə zaman var; gələcək zaman. Həm də mənimçün keçmiş də gələcəkdir. Zamansızlıqda ancaq gələcək var – keçmiş də, indi də gələcəkdir.

– Qədim hind fəlsəfəsində belə bir ifadə var ki, yalnız inam möcüzə yarada bilər. Bəs sizin inancınız möcüzə yaratmağa qadirdirmi?

– Möcüzəni ancaq Tanrı törədə bilər. İnsan möcüzə yaradan anda onun ya əlinin üstdə, ya da çiynində Tanrının əli olur.

– İdeyalarınızın Sufizmlə bağlılığı varmı? Yaxud siz özünüzü Sufi şair hesab edirsinizmi?

– Bu yaxınlarda mən “525-ci qəzet”-də istedadlı şairə Ayişə xanımın kitabı haqqında yazmışdım (yeri gəlmişkən, deyim ki, ədəbiyyatda son illərdə gələn xanım şairlərimiz öz nəsillərindən olan bəylərdən daha güclü və fəaldırlar). Yazıya belə bir başlıq qoymuşdum: “Şeir Şərqdən doğur. Şərqdən də Şərqdə. Hərdən günəş də”. Bu, bir az uzun addır, ancaq əslində, mənimlə bağlı sizin sualınıza dəxli var. Türkiyədə çox məşhur türk şairi – təəssüf ki, adını unutmuşam – hətta, məni sonuncu “Sufi şair” adlandırmışdı. Ancaq mən öz yazılarımın ilkin dövrünü Sufizmə deyil, daha çox Sufizmdən sonraya – Postsufizmə aid edirəm. Mən artıq Postsufizm dövrünü keçmişəm,   yeni istiqamətdəyəm: bu istiqamət – cərəyan – “Şərqdən də Şərqə” adlanır. Coğrafi mənada Şərqdən də Şərqə daha çox Yaponiyadan da o yana – Sakit Okeana düşür. Amerika qitəsini də Qərb saysaq, Qərb həmin nöqtədən başlayır. Əslində, mənim cərəyanımın coğrafi anlama dəxli çox azdır. Onun vətəni Azərbaycan olacaq, Azərbaycandan başlayacaq və bütün dünyada böyük maraq doğuracaq. Bu düşünmə sistemi mənim yeni kitabımda əsas istiqamət, dünyada yeni düşüncə dönəmi olacaq. Bu kitabı tez başa çatdırmaq üçün son vaxtlar bir neçə xarici ölkədən gələn kitabımla bağlı təkliflərlə məşğul ola, dəvət aldığım beynəlxalq poeziya məclislərində iştirak edə bilmirəm.

– Və sonda belə bir sual: müsahibəmizin sizinçün ən maraqlı cəhəti hansı oldu

–  Ən maraqlı cəhət sizin özünüzü ötməyə cəhdlər etməyinizdir. Yaradıcı adam hər an inadla özünü ötməyə cəhdlər etmirsə, heç nəyə nail ola bilməz. Bu, ən ağır və ən ləzzətli rəqabətdir.

 

30.08.2008

Yarpaq.az

Söhbətləşdi Əsəd Nəsirli

 

Tags