Müsahibələr,
14 Aprel 2023,
15:48
Saray şairi olmaq ağlıma da gəlməyib - Vaqif Bayatlı Odərin müsahibəsi

Vaqif Bayatlı Odərin müsahibəsi

Saray şairi olmaq ağlıma da gəlməyib

 

O, özünü dünyanın ən gənc və ən yaşlı şairi sayır. Ağıl cəhətdən çox yaşlı, çılğınlıq, hər şeyə reaksiya vermək cəhətdənsə çox gənc... Onun gözündə bu dünya bir başqa biçimdədir. İnsanlara sevgisi isə bitib-tükənməzdir. Onun nəzərində gözəl olmayan insan yoxdur bu dünyada. Hər insan da gül-çiçəkdir onunçün. “Səni Allah yaradıbsa, Allaha lazımsan demək”, “Hamı hər şeyi birdən, Allah da tək-tək istəyir”... Onu digərlərindən fərqləndirən çox xüsusiyyətlər var. Elə bu günlərdə “525-ci qəzet”dəki yazısından oxudum ki, 70-80-ci illərdə əlinə pul düşən kimi Moskvaya qaçarmış. Dissidentlərlə görüşmək, qadağan olunmuş kitabları alıb oxumaqçün. Kəsəsi, başdan-başa ayrı dünyanın adamıdır Vaqif Bayatlı Odər. “Vahid bağı”nda görüşəsi olduq. Təzəcə təmirdən çıxmış, güllü-çiçəkli bir ünvanda. Gül demişkən, gül-çiçəyi insanların simasında görsə də, əsərlərdə gül-çiçək dövrünün keçdiyi barədə yanaşmalarla razılaşmır: “Qabaqlar deyirdilər əsərin, zamanın qəhrəmanı traktor olmalıdır. Sonrakı dövrlərdə raket olmalıdır. Postmodernistlər başqa şey deyirlər. Amma hara hərlənirlərsə hərlənsinlər, sevgililər 8 martda, ən gözəl günlərində sevgililərinə gül bağışlayır. Yəni bəşəriyyət o gül-çiçəyə məhkumdur. Güldən gözəli dahiyanə söz, musiqi, insanın insana sevgisi ola bilər. Amma gül bütün bunları tamamlayır”.

– Bəs şair özü necə, gül bağışlamağı xoşlayırmı?

– Mən bağışlamağı xoşlayıram, amma az hallarda. Çünki mən istəyən güllər yoxdur. Qoxusuz güllər xoşuma gəlmir. Uşaq vaxtı elə güllərlə rastlaşırdım ki, onun qoxusu bir həyəti yox, bütün dünyanı bürüyürdü. Həmin qoxunu indi az-çox yalnız iydə ağacı çiçəkləyəndə hiss edirəm. İndiki güllər gül-çiçəyi inkar edən adamlara oxşayır. Görünür, adamlarla güllər bərabərləşib.

– Bəs əlamətdar günlərdə həyat yoldaşınıza hədiyyəniz nə olur?

– Həmişə gözəl söz. Məsələn, bu il 8 marta şeir yazmışdım. Gördüm çox kədərlidir, bayrama xeyli qalmış ona oxumalı oldum (Gülür). Çoxdandır gül almırdım, bir dənə qızılgül aldım. Amma təəssüf ki, qoxusu gəlmirdi. Ən gözəl gülü söz hesab edirəm. Elə o da mənim ən gözəl gülümü sözlərim sayır.

– Şairlər bir az xəyalpərəst, həm də dalğın təbiətli olur. Bu xüsusiyyətlər ailədə söz-söhbətə səbəb olmur ki?

 

– Özümü dalğın saymıram. Mən köhnə riyaziyyatçıyam və hər şeyi dəqiq bilirəm. Bir dəfə tibbi komissiyadan keçirdim. Soruşdular gözləriniz nə cür görür, dedim şikayətim var, çünki həddindən artıq çox şeyi görür. Qulağımı soruşdular. Dedim ondan da şikayətçiyəm, çünki həddindən artıq eşidir. Yəni mənim narazılığım bundandır. Küçədən keçən hər bir insan milliyyətindən, dinindən asılı olmayaraq hamısı məndən keçir. Məsələn, Rusiyada, Avropada insanlar küçədən keçəndə bir-birinə baxmır. Bu da onların bədbəxtliyidir. Necə olur qabağından insan keçir, sən ona baxmırsan?! Bəlkə, dünyanın ən gözəl, ən dahi insanı keçir. Mən baxmadan keçə bilmirəm. Bizim millət küçədən gedəndə daha çox bir-birinə baxır. Görünür, qanımızdadır. Amma bizdə adamla həddindən çox maraqlanırlar, bu da bir bədbəxtlikdir. Bəzən az qalırlar səni yarıb içinə baxsınlar.

İnsanlara diqqətiniz daim gözəllik axtarışında olmağınızla bağlıdır, yoxsa ayrı sirri var?

– Mənimçün gözəl olmayan insan yoxdur, bütün insanları gözəl sayıram. Çünki bütün insanlar Tanrının əsəridir, onları Allah yaradıb. Allah gözəl olmayan heç nə yaratmır. Mən də insanlara Allahın mənimçün yaratdığı gözlərlə baxıram və gözəl görürəm. Mən həm də qabaqdan gələn insanın yükünü, ürəyindəki şəri, onları incidən ağrını götürməyə çalışıram. Bunu bir ekstrasens cəhdi ilə eləmirəm e. Görürsən, bir insan keçir, ürəyimin bir hissəsi ağrımağa başlayır. Sevinirəm ki, kiminsə ağrılarını bir az azaltdım. Şairin bu dünyadakı missiyalarından biri də budur – dünyaya daha çox ümid vermək, onun ağrı, əzablarını daha da azaltmaq. Şairin ən böyük missiyası dünyada sevgini gücləndirməkdir. Çox təəssüf ki, bəzi şairlər yazırlar guya mən bədbinliyi, ölümü təbliğ edirəm. Əslində, dünyada bədbinliyi ən az təbliğ edənlərdən biriyəm. Mən bədbinlikdən çıxış qapılarını, pəncərələrini açıram, insanı daha çox gözəlləşdirməyə, gücləndirməyə çalışıram. Mənim əsas missiyam hər bir insanın ürəyində və dünyada sevgini gücləndirmək, insanları bir-birinə sevdirməkdir. Mən burada çox dahiyanə bir dəyişiklik eləmişəm. Təəssüf ki, insanların şüuru buna hazır deyil. Yalnız bizim böyük sənətkarlarımız bunu qəbul edib. Yeri gəlmişkən, məndə bir milli eqoizm var. Fikrimcə, bizdə nə böyük olan varsa, dünyada ən böyükdür və nə naqis cəhətlərimiz varsa, dünyanın ən naqis cəhətidir. Mən bilirəm ki, biz dünyada ən çox sevən xalqıq. Dünyada eşqin, sevginin ən güclü olduğu xalq bizik. Bəzən mənim sevdirmək zərurəti haqqında dediklərimə gülüşlə yanaşırlar. Ancaq həmin adamlar sevdirməyin mahiyyətini anlasalar, belə söz deməzlər. İkincisi, bütün böyük ideyalar həmişə gülüş doğurur. Mənsə bundan böyük həqiqət tanımıram. Yəni cəmiyyətin quruluşu üçün sevdirmək və sevmək lazımdır.

– Bu günlərdə Nizami Cəfərov müsahibələrinin birində “Ramiz Rövşən, Vaqif Cəbrayıloğlu və Ələkbər Salahzadə kimi mürəkkəb obrazlardan danışmaq dövrü keçib” söylədi. Onun fikrincə, zəmanənin şairi Zəlimxan Yaqubdur.

 O müsahibəni oxumuşam. Öncə Nizami bəyə onu söyləməliyəm ki, “ədəbiyyat publisistikaya keçir” fikri reallığı əks etdirmir. Ədəbiyyatın, xüsusilə də poeziyanın publisistikaya keçməsini təbliğ etmək, əsas tutmaq təxminən qadının kişiləşməsinin, kişinin isə qadınlaşmasının təbliği kimidir. Yeri gəlmişkən, mən sizin qəzet vasitəsilə Nizami bəydən xahiş edirəm ki, soyadındakı “ov”u atsın. Hər halda o, Azərbaycanın ən böyük türkoloqlarındandır. Mən onu dünyanın da böyük türkoloqu sayıram. Nizami bir məsələdə haqlıdır. Var dövrün, zamanın şairləri, bir də zamansızlığın şairləri. Yəni söhbət Zəlimxandan, ya başqasından getmir. Yəni dövrün populyar şairləri məsələsi var. Amma Nizami bir şeydə haqlı deyil. Gəlin Zəlimxan Yaqubla Ramiz Rövşəni tribunaya çıxaraq. Görək hansı populyardır. Məncə, bu məqamda Nizami səhv eləyib. Deyəsən, Nizami ancaq öz düşündüyü şəkildə deyib. Əsas çox tanınmaq yox, necə tanınmaqdır. Mən də Pasternak dediyi kimi, çox məşhur olmağı hətta qeyri-əxlaqi sayıram. İllərdir ki, bir çox “məşhur” şair-yazıçılarımız xalqımızın beynini, ürəyini və dövlətimizin büdcəsini bu yolla istismar edib. Zəlimxan Yaqubun da hansısa dairədə populyar olması ilə tam razıyam. Ancaq əminəm ki, XX-XXI əsrlərdə bizim fikrimizi ifadə edən şairlər içində Ramiz Rövşən, şübhəsiz ki, aparıcı şairlərdən biri olacaq. Təbii ki, özümü də zamansızlığın şairlərindən sayıram. Bizi, əslində, zamanın heç bir etalonu ilə məhv etmək mümkün deyil. Ən maraqlısı budur ki, sovet ideologiyası da bizimlə mübarizə aparırdı, indi də bizə qarşı mübarizə gedir.

– Yəqin, saray şairi olsaydınız, bu mübarizə də getməzdi...

– Saray şairi olmaq heç mənim ağlıma da gəlməyib. Xaqani də saray şairi olub, böyük şeirlər yazıb. Yaxud Nizami sarayın sifarişi ilə müəyyən əsərlər ortaya qoyub. Bütöv şəkildə götürəndə sarayların böyük şairlər verdiyini görürük. Mən zamana inanan insan deyiləm. Zaman əclaf şeydir. Ola bilər ki, Azərbaycanın, ya dünyanın ən böyük şairi heç vaxt məşhur olmasın. Məsələn, Rayner Mariya Rilke Avropanın ən böyük şairlərindən biridir. O, öləndə qəzetlərdə onun haqqında verilən xəbər həmin həftə göstəriləcək kino elanlarından da kiçik olub. Halbuki o, Avropa və dünya şeirində böyük sıçrayış eləmişdi.

– Siz zamanında ictimai fəaliyyətdə daha çox aktiv idiniz, hətta mərhum Elçibəyin Müdafiə Komitəsinin sədri kimi çalışdınız. Sonra kənara çəkildiniz...

– Mən kənara çəkilməmişəm. Hər yaşın öz xüsusiyyətləri var. Bir vaxt ictimai müqaviməti yaratmaq funksiyasını biz boynumuza götürmüşdük. Heç vaxt siyasi partiya üzvü olmamışam və olmaq fikrim də yoxdur. Yeni nəsil yetişir axı. Qəribəsi odur ki, nə olsa, bizim üstümüzə gəlirlər. Yeni nəsillər yükün bir hissəsini çiyinlərinə götürməlidir. İndi yeni nəsil yetişir. Yeni ədiblər meydana çıxıb. Düzdür, bizim ədəbi şəkildə etdiyimizi onlar daha çox söyüşlə edir. Mən yaradıcılıqla məşğul olmalıyam axı. Mənimçün ağrılıdır ki, Azərbaycanın böyük müğənnisi Flora Kərimova səsinin ən gözəl vaxtlarını o mübarizədə keçirdi. Floranın o mahnıları ki olmalıydı, onlar olmadı. Yaxud Cavanşir Quliyevin. Ancaq mən yenə də hər saniyə meydandayam, müsahibələr verirəm. Məni televiziyalara buraxmırlar. Məsələn, jurnalistlər araşdırsın ki, Vaqif Bayatlı niyə 15 ildir Az.TV-də görünmür?

– Səbəb nədir?

Çünki qadağan olunub. Səbəbini mən də bilmirəm. Bunun cavabını Arif Alışanovdan soruşa bilərsiniz. Bir dəfə İTV “Ovqat” verilişinə çağırdı. “Lider” də bir-iki dəfə verdi, sonra çəkildi. Görünür, qadağa Prezident Aparatından gəlir.

– Milli ruhlu şair Vaqif Bayatlı Odərlə böyük ingilis şirkətində, əcnəbilərlə birgə çalışan Tamam Bayatlı Odərin arasında fikir ayrılıqları, problemlər yaranmır ki?

– Heç bir problem yoxdur. Biz qan etibarilə hər ikimiz milli, düşüncə etibarilə də tam dünyəviyik. Amma bizimçün milli maraqlar, milli düşüncə birincidir. Milliliyimiz xatirinə də ədalət hissini də unutmaq olmaz.

  • Yəqin, deyəcəksiniz ki, şeirlərinizin ilk oxucusu Tamam xanım olur...

– Yox, çox qəribədir ki, mən şeiri heç kəsə oxumağı xoşlamıram. Bayaq dedim ki, 8 martda gördüm çox qəmlidir, şeir oxudum. Bu məndə nadir hallarda olur. Məsələn, bütün evlilik həyatımız boyu bu, cəmisi üç-dörd dəfə olub. Əksər şair-yazıçıların həyat yoldaşları, qohum-əqrəbaları onların yazdıqlarını əzbər bilir. Mən şeiri özüm-özümə oxuyuram. Özü də evdə heç kəs olmayanda. Yalnız burda şeirin hər misrasında sözün yerində olub-olmadığını müəyyənləşdirirəm. Ümumiyyətlə, mənim qarşımda olan divar, masa, kürsü, nə olur-olsun, hamısı canlıdır. Mənim aləmimdə canlı olmayan heç nə yoxdur.

– Həyat yoldaşınızın mahir ingilis dili bilicisi olması sizdə qibtə hissi doğururmu heç?

– Mən Tamam xanıma qədər də ingilis dilini ala-babat bilirdim. Son 10 ildə məşğul olmuram. Amma əvvəllər Nobel mükafatçısı Tomas Eliot kimi çox nəhəng dünya şairini ingiliscədən Azərbaycan türkcəsinə çevirmişəm. Özü də onu heç ingilislər özləri anlamırlar. Mən bəzi çətinliklər haqda ingilislərdən soruşurdum. Təəccüb edirdilər ki, bunu hardan bilirəm. 20-dən artıq şeiri tərcümə elədim. Bu şeirlərdəki 5-6 yer mənə aydın olmasa da, onları intiusiya ilə tərcümə elədim. Dünyada bir dil də var – şair dili. Onu ancaq şair anlaya bilər. Sonrakı illərdə bu şairdən doktorluq müdafiə eləmiş bir jurnalist məndən intervü götürürdü. Ondan bəzi şeyləri soruşdum. Hər ikimiz üçün təəccüblü oldu ki, hamısını düzgün tərcümə eləmişdim. Hətta bu barədə ingilis qəzetində də yazmışdı.

– Maraqlıdır, şəhər mühiti sizə ilham verirmi?

– Mən inşaat fakültəsini bitirmişəm. Ona görə bəzi şeylərdən anlayışım var. İlham verəcək bəzi yerləri var. Xüsusilə köhnə binalar, Qız qalası, İçərişəhər. Təzə binalarda cazibədar bir şey görmürəm. Amma kəndə də az-çox bağlılığım var. Sabirabadda anadan olsam da, sonrakı illərdə atamın işi ilə əlaqədar Bərdədə, Gəncədə yaşamışıq. Orta məktəbə Cəbrayılda getmişəm. Atam sistem işçisi idi, sonra haqsızlığın qurbanı oldu. Böyük yeyintiyə yol vermiş adamla bağlı cinayət işi qaldırdığı üçün məhkəməsiz-filansız 9 ay həbsdə saxladılar. Sonra da açıb buraxdılar ki, get, bu da səninçün ədalət. Eyni şey dəfələrlə mənim də başıma gəlib. Yəqin ki, ədalət uğrunda vuruşanlar hər zaman bu sözü eşidəcəklər. Ancaq vuruşma da həmişə davam edəcək.

– Yazıçılar Birliyi ilə bağlı fikirlərlə, yəqin, tanışsınız. Bu qurumun lazımsızlığı haqda deyilənləri bölüşürsünüzmü?

– Birliyin üzvü olsam da, nadir hallarda ora gedirəm. Amma Yazıçılar Birliyinin əleyhinə də deyiləm. Vurub dağıtmağın tərəfdarı olmamışam. Sadəcə, daha çevik bir quruma çevirmək olar. Yəni qurumun 1500 üzvü var. Axı bu heç nəyə sığmır.

  • Fəxri adı olmayan Vaqif Bayatlının bu adlara münasibətini bilmək olarmı?

– Bu titullar dünyanın fəxri adlara çox da sağlam münasibəti olmayan xalqlarında qalıb. Fəxri ad məni qətiyyən maraqlandırmır. Məndən olsa, bu adlar götürülsə, yaxşıdır. Flora xanıma, Qədir Rüstəmova bu adı gec verdilər. O gün görürəm Rəmiş hələ indi əməkdar artist olub. Ay Rəmiş, sən əməkdarı niyə götürürsən axı?! Belə böyük sənətkara onu vermək də ayıbdır, götürmək də. Elə xalq artistləri var ki, xalq onu tanımır. Deyirlər xalq şairi. Bəs o birilər nə şairidir? Məsələn, Zəlimxan Yaqub xalq şairidir. Bəs Musa Yaqubun, Məmməd İsmayılın, Ramiz Rövşənin Zəlimxan Yaqubdan nəyi əskikdir? Hələ mən özümü demirəm. Yəqin ki, prezident heç şeir oxumur. Bunu hazırlayanlar bir düşünməlidir. Ən yaxşısı o olar ki, bunu ləğv eləsinlər, qınaqdan da xilas olsunlar. Mənim nəzərimdə ölkənin ən yaxşı şairləri Musa Yaqub, Məmməd İsmayıl, Ramiz Rövşən, lap elə Vaqif Bayatlıdır. Ancaq onlar heç vaxt xalq şairi adını almaq istəməyiblər. Əslində, bu gün “xalq şairi” titulu gülməli bir ada çevrilib...

 

***

 

Bir dəstə gənc yaxınlaşıb ədəb-ərkanla salam verir, şairi oxuduqlarını deyirlər. Təqdimat zamanı məlum olur ki, ədəbiyyatçı ailələrindəndirlər. Biri yazıçı Cəmil Əlibəylinin nəvəsi, digəri Eyvaz Əllazoğlunun oğlu... Onlar ayrılarkən şair bir az da fəxarətlə yanakı skamyada əyləşən cavanları nişan verir: “Sənin xəbərin olmadı. Bayaqdan onlara göz qoyuram. Əvvəldən-axıradək bizim söhbəti dinlədilər. Deməli, bizim danışdıqlarımız bu gənclərçün dünyadan daha maraqlı idi...”

 

 

 

“525-ci qəzet”.

 

02.06.2010

Mina Rəşid

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags