Məqalələr,
23 İyun 2023,
10:01
Torpağın dərdi inildər keçər şairinin qəbrindən - Vaqif Bayatlı Odər yazır

Vaqif Bayatlı Odər

Torpağın dərdi inildər keçər şairinin qəbrindən

 

O həm İngiltərədə, həm Şotlandiyada yaşayıb, həm ingilis dilində yazıb, həm də öz kitabında dediyi kimi şotland dialektində Şotlandiyaya şeirlər həsr edib. O şeirlər Şotlandiyanın himni, siması, üzü kimi tanınıb, sevilib. O həm də el-el, oba-oba gəzib hər bir ingilisin, şotlandın cocuqluğundan sevə-sevə oxuduğu nəğmələri toplayıb, unudulan nəğmələri bərpa edib, o nəğmələrin ruhunda yeni-yeni nəğmələr yaradıb.

Beləcə, onu həm ingilislər, həm də şotlandlar özününkü sayır.

Şairi isə yer üzündəki bütün insanlar quşlar, böcəklər, çiçəklər, dağlar, çöllər özününkü saymalıdı və yəqin ki, insanlardan başqa onların hamısı elə belə də düşünürlər.

Əslində isə, şair ancaq Allahındı. Allah ancaq şairin olduğu kimi.

Sadəcə, şairlər çox ürəkli olduqlarından Allahı hamıya veriblər.

Börnsü dilimizə çevirəndə məlum oldu ki, onun şeirlərinin tərcüməsi üçün ingilis dilini anlamaq azdı, ona görə müxtəlif sözlük və kitablardan şotland dilində çoxlu sözlərin mənasını axtarmalı oldum. Arada şəhərimizdə yaşayan ingilis dostlara da müraciət etdim, məlum oldu ki, onlar da həm Börnsü, həm də otuza yaxın şeirini dilimizə çevirdiyim Nobel mükafatı laureatı Tomas Eliotu anlamaqda çətinlik çəkirlər. Onlar mənim bu şairi anlamağıma çox təəccüb etdilər. Mən onlara dedim ki, bu şeirlərin yazıldığı ingilis dilindən, şotland dilindən (dialektindən) və mənim türkcəmdən başqa bu dünyadakı zamandan yuxarıda dayanan bir dil var: Şair dili. O dildə şairlər hətta az söz ehtiyatlarıyla belə məşhur dil bilicilərindən, dil daşıyıcılarından şeiri daha asan anlayır, daha çox duyurlar.

İkinci bir məqamı da qeyd etmək istəyirəm, bir çox ingilis dilli şairlər dilimizə orijinaldan deyil, rus dilindən tərcümə olunub. Hətta ruscaya ən yaxşı tərcümə sayılan S.Marşakın R.Börnsdən etdiyi tərcümələrlə kiçik bir tanışlıq da göstərdi ki, o Börnsün şeirlərini necə deyərlər, özü bildiyi kimi tərcümə edib, onun elə tərcümələri var ki, heç ümumiyyətlə, Börnsə dəxli yoxdur, daha çox Marşakın şeiridir.

Mən həm də Tomas Eliotdan tərcümə etdiyim zaman rusca bir neçə tərcüməyə baxdım və yenə də eyni nəticəyə gəldim: ruslar bir qədər itirirlər, biz də bir qədər, axırda nə qalır?

Dünya ədəbiyyatının rus dilindən hətta ən uğurlu tərcümələri beləcə həmişə bir tərəfdən nəyisə kəsik olacaq, nəyisə çatışmayacaq. Hayıf ki, bu nəyisə çox zaman əsərin ruhu, canı olub.

Bir neçə kəlmə də Robert Börnsün həyatı haqqında:

Börns 1759-cu ilin 25 yanvarında Şotlandiyada anadan olub. 7 yaşı olanda atası kasıb olsa da ona müəllim tutub. Müəllim ona oxuyub yazmaqla bərabər, təmiz ingiliscə danışmağı da öyrədib və onu ən yaxşı ingilis klassiklərinin əsərləri ilə tanış edib.

Atası ona yaxşı təhsil vermək üçün Kərkosvalda yerölçmə məktəbinə göndərib. Robert əla oxumaqla bərabər bir qız dostuna şeirlər yazmağa başlayır, özünün dediyi kimi “qafiyə və musiqi onun ürəyinin səsinə çevrilir”.

Çox gənc yaşlarında, 23 yaşında ölmüş Ferqussonun şeirləri Börnsə çox böyük təsir göstərdi. Sonralar Börns Ferqussonun uçuq qəbrini qaydaya salmaq, ona başdaşı qoymaq icazəsi aldı və onun qəbrinin üstünü götürtdü.

Börns bütün ömrü boyu çox kasıb yaşadı və elə beləcə də öldü. O, şairlər üçün ən təhlükəli yaşda – 37 yaşında (bizim əsrin də şairlər üçün ən təhlükəli yaşı 37-ci yaşıydı -1937-ci il) dünyasını dəyişdi.

Müasirlərindən biri yazırdı: Börnsün qəlbiylə bərabər Şotlandiyanın da ürəyi dayandı.

Börnsü çox böyük təntənə ilə dəfn etdilər. Dövrün tanınmış ziyalıları, hətta hərbi orkestr də dəfndə iştirak edirdi.

Təkcə onun arvadı Cin dəfn mərasimində görünmürdü. O, həmin anlarda Robertin beşinci oğlunu doğurdu.

Evdə isə bir quruş da yox idi. Cin Robertin qardaşından borc pul istəmişdi.

Şairin qardaşı ona cəmisi bir şillinq vermişdi və öz kitabçasına yazmışdı: “Qardaşım arvadına bir şillinq borc verdim”.

Xoşbəxtlikdən bu, Cinin aldığı sonuncu borc oldu. Ölümündən sonra Börnsün kitablarına çoxlu abunə yazılanlar tapıldı. Bu, ona və uşaqlarına yaşamaq üçün minimum imkan yaradırdı. Bu tərəfdən hər halda Börnsün ailəsinin bəxti gətirmişdi. Çünki bəzən ən böyük şairlər ölümündən sonra da qəddarcasına unudulur.

Bir neçə il sonra Börnsün böyük şöhrəti onu görmək istəməyən Kral  sarayına da çatdı və Kral onun dul arvadına təqaüd təyin elədi. Ancaq Börnsün arvadı ərinin ruhunu şad edərək əsl şairin əsilli xanımıtək çox şairlərin bacarmadığı işi gördü – təqaüddən imtina etdi.

Tags