Məqalələr,
13 İyun 2023,
15:06
Məğrurluq tariximizi qəmdən xilas edən adam - Vaqif Bayatlı Odər yazır

Vaqif Bayatlı Odər

Məğrurluq tariximizi qəmdən xilas edən adam

 

  Qəribədir, çox adama elə gəlir ki, Azərbaycanda müstəqillik uğrunda mübarizə o özü bu mübarizəyə qoşulduqdan sonra başlamışdır, hətta məşhur siyasətçilər də keçmişi bəzən ancaq belə, onlara sərf edən, özləriylə bağlı yerdən, məqamdan xatırlayırlar. Əslində isə, Azərbaycanda Sovet hakimiyyətinin mövcud olduğu 71 il ərzində həmişə müstəqillik uğrunda vuruşan, çalışan cəmiyyətlər, hərəkatlar, ayrı-ayrı adamlar, hətta partiyalar mövcud olub.

  Bu mübarizəmizi hər an işıqlandırmağa çalışan görkəmli tarixçimiz Cəmil Həsənlini mən tələbəlik illərindən tanıyıram. O, altmışıncı illərin sonunda, yetmişinci illərdə Azərbaycan Dövlət Universitetində Elçibəyin rəhbərlik etdiyi hərəkatın fəallarından idi. Mən Elçibəylə görüşmək üçün tez-tez tarix fakültəsində olurdum. Yadıma gəlir, o vaxt ADU-da tələbə hərəkatı o qədər güclənmişdi ki, Moskvanı müdafiə edən müəllimlər, hətta tarix fakültəsinə gəlməyə, orada fəaliyyət göstərməyə çətinlik çəkirdilər. Elçibəy həbs olunanda tarix fakültəsində dərslər bir neçə həftə dayandı. Tələbələr moskvapərəst kimi tanıdıqları müəllimlərə qarşı şüarlar qışqırır, onların dərslərinə girmir, bəzi ruspərəst müəllimləri küçədə fitə basırdılar. Yadıma gəlir, hətta mən oxuduğum Politexnik İnstitutunun əsas qapısının yanında elanlar vurulan yerdə - üstündə Elçibəyin şəkli və “Əbülfəz Əliyevə azadlıq!” yazılmış lövhə bir neçə saat orda qaldı.

  Sonralar da Cəmil bəyi tez-tez mətbuatda, həm də milli azadlıq hərəkatımızın ən qaynar nöqtələrində gördüm. Zalım zaman keçdi, kimin kim olduğunu hamı gördü. Çox adam dəyişdi, ancaq Cəmil elə tələbəliyimdə gördüyüm Cəmildi: zəhmətkeş, təmkinli, ziyalı, vətənpərvər.

  Sonralar da Cəmil bəylə bir yerdə müxtəlif təşkilatlarda, tədbirlərdə fəaliyyət göstərdik. Milli Azadlıq hərəkatında, müxtəlif ziyalı forumlarında, Milli Müqavimət Hərəkatında, Aydınlar Birliyində ölkəmizin demokratikləşdirilməsi uğrunda birgə fəaliyyət göstərdik, mübarizə apardıq.

  Elçibəyin hüquqlarını müdafiə komitəsində mən komitənin sədri, o, isə sədrin birinci müavini idi. O vaxtkı “Azadlıq”, “Yeni Müsavat” qəzetlərini vərəqləsəniz görərsiniz ki, müdafiə komitəsinin 200-ə yaxın üzvü içərisində 50-yə yaxın elmlər doktoru və namizədi, ölkəmizin tanınmış ziyalıları vardı. Biz demək olar ki, hər gün dünyanın onlarla mətbuat orqanı, insan hüquqları təşkilatlarıyla əlaqəyə girir, Almaniya, Fransa, Türkiyə səfirləriylə görüşürdük. Respublika prokuroru E.Həsənov bizi qəbul edib etirazımızı dinləmişdi. Bizim fəaliyyətimizin nəticəsində üç iclasdan sonra  dünya ictimaiyyətinin, insan hüquqları təşkilatlarının da tələbiylə Elçibəyin məhkəməsi dayandırıldı. Bu işdə Cəmil bəyin də böyük rolu oldu.

  Elçibəylə son görüşlərimdən birini xatırlayıram. O, sanki nə vaxtısa Cəmil bəy haqda yazacağımı illərin üstündən görürmüş kimi böyük fəxrlə Cəmil bəydən danışdı, həm bir alim kimi, həm də insan kimi, dost kimi onunla fəxr etdiyini bildirdi. Cəmil bəy haqqında dediyi bir cümlə xüsusilə yadımda qaldı – “O həm mübarizə tariximizi yazır,  həm də özü mübarizə aparır”. Həqiqətən də tarixdə bu cür insanlar çox az olur, həm mübarizə aparsın, həm bu tarixi yazsın, həm də sevdirsin.

  20-ci yüzilliyin ən böyük insanlarından olan Elçibəyin bu sözləri görkəmli tarixçimiz Cəmil bəy üçün ən gözəl yubiley hədiyyəsi ola bilər. Elə min illər ərzində çox zaman yad tarixçilərin yazdığı, çox zaman da alçaldılmağa çalışılmış müstəqillik  tariximiz üçün də.

Tags