Vaqif Bayatlı Odər
Tanrının dustaqları, Tanrının dostları
Əziz Pənah, Arif, Rauf, İqbal, Sərdar, İbrahim, Etimad bəylər! Siz həbsdə günahsız o qədər yatdınız ki, artıq bəndələrin yox, Tanrının dustaqlarına çevrildiniz. Daha Tanrıdan başqa heç kəsin sizə gücü çata bilməz, çünki siz qalxdığınız ucalığa nə boyları, nə silahları çatar.
Bütün günahsız dustaqlar Tanrının dustaqlarıdı. Elə ona görə də Siz bəndə dustaqxanasında bu qədər cəsarətli, məğrur və qorxmazsınız. Elə ona görə də Siz mühakimə olunmur, mühakimə edirsiniz.
Bəylər! Siz qalxdıqca, qalxdığınız ucalıqlar da qalxır.
Bunları yazmaqla həm də “Tanrının dustaqları, Tanrının dostları” şeirimi sizə həsr etdiyimi bildirirəm. Şair indini, keçmişi yox, həmişə gələcəyi yazır.
Sevgilərlə: Vaqif Bayatlı Odər
Bir an da dayanmadan, durmadan,
elə hey həbsxana divarlarını yazar,
yazar göy üzütək azad dustaqlar,
dünyanın ən gözəl quşlarının
şəklini çəkər onlar ora,
quşların qanadlarını göy üzündə
gərər, gərər,
quşların dimdiyində Allaha məktub
göndərər.
***
Gecələr özləri yatanda da qalxar
əlləri,
yazar, yazar əllər divarları,
yazıb, yazıb dəftər kimi,
vərəq-vərəq çevirərlər divarları,
çevirib görərlər hər divarda
güllə yeritək göynəyir yeri hər
dərdin, hər sözün,
görərlər həbsxana divarlarına
bitişikdi bütün divarları yer üzünün,
vərəqlədikcə açılar gələr
prezident saraylarından yetim-yesir
komalarınacan
dünyanın bütün divarları,
vərəqlədikcə gələr təzə dərdlər,
dualar, haqlar,
hər açılan təzə divarı təzə
məktubtək,
yazıb Allaha göndərər dustaqlar.
***
Ona yazılan divarları
quşların dimdiyindən bir-bir alar,
oxuyan Tanrı,
oxuyar hamının dərdini
tumarlaya-tumarlaya,
oxşaya-oxşaya,
oxuyar özü ən böyük dərdə
oxşaya-oxşaya,
eni təzə-təzə quşlar gələr, gətirər
məktubları,
yenə dayanmadan, durmadan
oxuyar Tanrı,
oxuyar divarları son küncünəcən,
oxuyar, oxuyar Tanrı gözünün son
gücünəcən,
oxuyar görər dərdləri ayrı-ayrı,
son sözləri birdi bütün məktubların:
- Dərdimizin gücü çatmır, Tanrım,
bizi qaldırmağa göyümüzə,
dərdimiz azdı, yenə, yenə dərd
göndər bizə.
Tanrı öz sevgi bağından təzə-təzə
dərdlər dərər,
dərdiyi dərdləri təzə göyüzü kimi,
təzə qanad kimi yer üzünə
göndərər,
təzə dərdləri alar, qanad açar
həbsxanalar,
dustaqlarıyla verib qanad-qanada
göy üzünə uçar həbsxanalar.
Uçarlar, uçarlar
birdəfəlik Tanrının yanında qalmağa
Tanrının dustaqları,
Tanrının dostları olmağa...