İradə Musayeva

Qəribik, gözəlim bu yer üzündə...
Vaqif Bayatlının şeirləri haqqında yazmaq istəyəndə o qədər söz gəlir ki, qələmə... Amma heyif ki? heç biri işə yaramır. Ədəbiyyatşünaslıq terminləri, nəzəri-estetik meyarlar, qanunlar, şeir düsturları ilə ölçü, qiymət – sanki heç biri onun poeziyasının surətini əks etdirmək gücündə deyil. Onun poeziyasının özünün nəzəri-estetik təhlil çeşidi yaranmalıdır, əslində... Bəlkə ona görə ona “göy adamı” deyirlər? Göy adamı... Səma şeirləri... Bu qədər doğma hisslər, duyğular, ruh ilə yazılan şeirləri təhlil etmək üçün niyə söz tapılmır? Şeirlərini sevirik, amma haqqında danışmaq istəyəndə “yer sözləri” eşqlə dolu bədən sahibi, göy şairi Vaqif Bayatlıya yaramır... Çünki onun həm də “göy həqiqətləri” fəlsəfəsi var. Bizi kiçildən yer qanunları göyü əlimizdən al;b. Göyümüzü unutduğumuz üçün balacalaşmışıq, qısırlaşmışıq, qorxaqlaşmışıq. Nəsiminin “Ey özündən bixəbər qafil, oyan!” – nidasının səsi gəlir bu misralardan. Sanki şair üzünü bizə tutub deyir: “Göyün bir parçası insan, nə eşələnirsən torpaqda?!”
...Həm də bil, yer həqiqətləri əsl həqiqəti,
Əsl göyüzünü səndən gizlətmək üçündür.
Sənin bütün fəlakətlərin sənin özünün
Göyün bir hissəsi, göyün özü olduğunu
Duya bilməməyindən gəlir!
Onun “göy adamı” virtuallığının həyatının bütün hadisələrində əks olunması da qəribə gəlir adama.. “İlk şeiriniz nə vaxt çap olundu?” sualına verdiyi “çap şifahi şəkildə baş verdi” deyir: “İlk dəfə yazımı rəhmətlik Yusif Səmədoğlu çap eləyib, “Ulduz” jurnalında. Ən maraqlısı odur ki, bu çap şifahi şəkildə baş verib. Təsəvvürünə gətir ki, məni heç yerdə çap eləmirdilər, heç yerdə yaxına buraxmırdılar. Onda Mövlud Süleymanlı götürdü şeirləri, Ramiz Rövşən də qoşuldu ona, getdilər Yusif Səmədoğlunun yanına. Onu da deyim ki, şeirlərimi hamı tərifləyirdi, amma heç kim çap eləmirdi. Şeirlər Yusifin də çox xoşuna gəldi, götürdü çap eləməyə. Ancaq bundan sonra da o şeirlər düz 1 il ərzində çap olunmadı. Redaksiyaya kim gəlirdisə, Yusif çağırıb o şeirləri oxuyurdu. Sonra mənə deyirdi ki, bunlar gözəl şeirlərdi, amma çap olunandan sonra ləzzəti itəcək, yəni indiki ləzzəti verə bilməyəcək, ona görə onları tez-tez oxuyuram. Deyirdi, belə şeirləri gərək az-az dadasan...”
V.Bayatlını sürrealist şair adlandıranlar var. Razılaşmaq olar bəzi məqamlarda, amma onun duyğularındakı, hisslərindəki kədərin, ağrının, eşqin əllə yoxlanacaq qədər canı olduğuna da mən inanıram. Yəni o qədər realistdir həm də... Sürrealistlərdəki subyektivizm, başqalarını öz “fərdinə”, subyektiv yaşantısına doğru çəkmək tendensiyası bu poeziya üçün bir az yaddır. Əksinə, hər kəsin, bəlkə hamının duyğu və düşüncələrinin ümumiləşmiş şəkli var bu poetik aləmdə. Onun mücərrəd məhfumlarda, illüziya burulğanında dolaşan dəlisov, donkixot inanclı ilham pərisinin adı Eşqdir. Bu eşq hər yerdə peyda ola bilər. Onun hər yerə çıxışı var, hətta göz yaşlarından da özünə yol qazanır:
Bir göz yaşında azmışam
üzlə axıram aşağı,
ancaq üzü tanımıram
Bu göz yaşı məndən axır?..
Mən bu gözü tanımıram...
V.Bayatlının şair ruhunda klassik sevgi fəlsəfəsinin izləri var. Mövlana, Nəsimi eşqindəki ilahi yüksəliş məqamlarında ortaya çıxan sevgi... Özünü Allaha ruhuyla, canıyla təslim edən (“Eşqdə gizlətdim bu canı”, “Sevdim Allaha bənzədim”...) gözəl xislət cövhəri hər kəlmədə boy verir. İnsan canında, hiss və düşüncələrində Tanrı eşqini duyduqca ruhunda gözəlliklər çiçək kimi açır... Və onun şeirlərində insanın Tanrıya eşqindən daha çox, Tanrının onun simasında təcəllə edən sevgisindən danışılır:

Çünki Tanrı da daha çox sevər
onu gözəllikləriylə duyan ruhları, canları,
Tanrı eşqini duyarkən hər an canlarında,
ruhlarında yeni-yeni gözəlliklər açanları.
“Canında yeni-yeni gözəlliklər açan insan”... Gözəllik ruhda, canda gül kimi açır. Nə zaman? Tanrının eşqini özündə hiss edəndə... Nəsiminin insan surətindəki eşqdən danışan fəlsəfəsinin modern şeir dili ilə ifadəsi... “Məndə Allah var, ona görə böyüyəm , güclüyəm, Allah mənəm!” – bəyanının yeni şair düşüncəsində “Ey insan, sənin cismində və xislətində, ruhunda Tanrı eşqi var, özünü tanı!” – ifadəsi... Nəsiminin mücadiləsi də insanın başını daxilinə boylandırmaq ideyası üzərində qurulmuşdu. Vaqif Bayatlı insanı da içindəki Tanrı eşqləri ilə dolaşır dünyanı. Bu eşqlə yaşayan insan ancaq ağaclara “qardaşım”, çiçəklərə “bacım” deyə bilər. Şairin ən çox qorxduğu olacaq isə bu eşqin ondan qopması, onu tərk etməsi anıdır. Tanrı eşqi insanı tərk edəndə (Sürüşdü alnımdan Tanrının əli) kamança da ağlada bilmir onu, göz yaşının qapısı bağlanır, hisslər donur, qabalaşır, qəddarlaşır və üstünə yüyürən əlacsız zəifləri (ağacları, çiçəkləri...) belə özündən qovursan – üz tutub yüyürməyin mənə sarı:
Qardaşım ağaclar,
Bacım çiçəklər, bir də söz tutdu sizi,
Söz tutdu, sevda qurutdu
Üz tutub yüyürməyin mənə sarı…
Bağlanıb gözümün yaş qapaqları…
Dünyanın bəla qapıları,
Qala qapıları, daş qapıları,
Yetim qapıları, boş qapıları,
Bağlanıb könlümə, bağlanıb,
Bağlanıb gözümün yaş qapıları.
Şeirin intonasiyası get-gedə qalxır, qəzəb qarışıq təəssüf hissi sanki bəyanat verir. Özünə qarşı yüksələn bu əsəbi səsdə itkilərin nisgili var:
Mən söz balasıyam, zalım tifili,
Sürüşüb alnımdan Tanrının əli,
Daha sən də,
Sən də
Ağladammazsan məni,
Mən zalım adamam, kamança…
Onun şeirlərində məcazlar görünmür, poetikanın yox, düşüncənin detalı kimi ifadə olunur məcazlar və onun da adını tapa bilmirsən. Təşbehdir, mübaliğədir, metanimiyadır, nədir? Və bu terminləri o poetik yaşantıya yapışdırmağa belə adamın əli gəlmir. Məsələn: “Bir qızın telləri əsdi üzümə”, “bir ipək xatirə döndü qəlbimə”, “gilənar göylərdən dolan yağış”, “çinarın altında bir gilənar qız”, “on ildən, beş ildən, dünəndən yağan yağış”, “bütün sevgilərin dönən yerindən yağan yağış”...
Şeirləşmə məqamının qığılcımı bir ipək, atlas dəsmalın üstündə olur. Bu dəsmalın ipək yumşaqlığı assosiasiyasından ipək xatirə baş qaldırır ürəkdə və unudulmayan bir qızın telləri bu kompozisiyanı tamamlayır. Bəlkə də xatırlama süjetinin kulminasiya nöqtəsi olur. “İpək” kəlməsi bir detala – dəsmala aid edilmir, həm də xatirələrə, qızın əsən tellərin’ aid edilir... Daha sonra “yağış”, “gilənar” ifadələrinin semantikası şerin siqlətini, məna içində məna strukturunu zənginləşdirir:
Gizlicə-gizlicə gəldi buludlar,
Gizlicə-gizlicə döndü ümidlər,
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə yağmır.
İllərin o başından
bir qız yaylığı üstdə
bir ipək xatirə döndü qəlbimə,
bir qızın telləri əsdi üzümə.
Sonra yağış gətirir o qızı, dost çinarın üstündə qoyub gəldiyi yağış sanki onun qəsdinə durub, yaddaşını göynətmək, ürəyini sızlatmaq istəyir, inadla:
Gülüm yağış! Çiçəyim yağış!
O ipək illərdən,
atlaz günlərdən,
Gilənar göylərdən dolan yağışım,
yollarda yorulub
gözümdə, könlümdə qalan yağışım,
bir çinar üstündə
qoyub gəlmişdim səni,
çinarın altında bir gilənar qız.
İndiki yağışlar beləcə yağmır...
Bu gilənar yağış
mənim qəsdimə yağır,
O dost çinarın üstündən yağır,
On ildən, beş ildən, dünəndən yağır,
bütün sevgilərin
dönən yerindən yağır.
”Bütün sevgilərin dönən yeri” olurmuş... Bu dönüşün səbəbkarı dəsmal da ola bilir, bir kinli, qərəzli yağış da. Və bu yağış həm də lal, susqun, dillənməyən, etiraf olunmayan məhəbbətlərin dillənən, dinən yerindən yağırmış. İllər keçsə də, o sevilən qızların yaşı artsa da onların xatirələrdən boylanan obrazı qocalmır, əksinə “gilə-gilə qızarır”, yenidən doğulur ... Hər yağışda, hər təzələnən xatirədə... Çünki şair “Mən səni min il gözlədim, Sevdim keçdim təzə minə” deyəndə də sevgilərin unudulmadığını, ölmədiyini inamla vurğulayır. Sevməyən insanların Allahdan xəbərsiz olduğu, hətta bu eşqsiz insanlardan da Allahın xəbərsiz olduğu inancındadır. (Kim sevmirsə, demək gülmür, Sevib gül olmayıb hələ, Bəlkə Allah görmür onu, Bəlkə doğulmayıb hələ).
Bəlkə də, bəlkə də lal məhəbbətlərin
dinən yerindən yağır.
İllərin altında solmaz o tellər,
Hər bulud lələyi ümidlə gələr,
O barlı illərin sevgisi qızlar
Bir də gilə-gilə qızardı bəlkə...
Şeirdə ritm, intonasiya, qafiyə, sərbəst şeir texnikasının qanunları, bəlkə də qanunsuzluqları şeirləşmə anının harmoniyasına tabe olur, öz obrazını yaradır. V.Bayatlının şeirləri dağınıq dünyanın nizamı, səliqəli təqdimatı kimi görünür adama. Şair sanki sözlərin deyil, həm də həyatımızdakı xaotik mənzərələrin, başımızdakı dolaşıq fikirlərin nizamlayıcısıdır. “Əslində, mən əbədi gəncəm. Əbədi gənc olmayan adam heç nə yaza bilməz. Gərək həm də əbədi uşaq olasan. Yaş fiziki anlayışdı. Məsələn, əvvəlki kimi qaça bilmirəm, az yeriyirəm, ürəyim əvvəlдər az ağrıyırdı, indi bir az artıq ağrıyır. Amma ruhi həyatım həminki kimi davam edir. Əksinə, qocaldıqca məndə qeyri-adi şeylər artır. Uçmaq artır, sevmək artır, bütün insanları bir-birinə sevdirmək ehtirası artır, dünyanı düzəltmək... İnsanın əsas ehtirası nədir - dünyanı qaydaya salmaq, düzəltmək istəyi. Allah insanı həm də dünyanı düzəltmək üçün yaraеdı”.
Dünyanı düzəltmək istəyən adam – Donkixot, “dəli” (“Çünki hamı məni dəli hesab edirdi. Atama da başa salırdılar, dəlidi, bunu dəlixanaya qoymaq lazımdı. Üç-dörd dəfə universiteti atmışam. Baxmayaraq ki, atam müdrik adam idi, bir-iki dəfə məni psixiatra aparıb göstərmişdi. Amma anam inanırdı mənə”), ədəbi terminlərlə desək, “sürrealist”, “dadist”, “ekzistensialist” və s. ifadələrin aid edilə biləcəyi adamdır Vaqif Bayatlı... Həyatını da elə yaşayır. Vaxtilə kirayələrdə, küçələrdə, özünün də dediyi kimi, hazır, kimlərinsə qazdığı xəndəklərdə belə əllərini boynunun altında yastıq əvəzi çarpazlayıb qoyar və gözlərini sevgi, eşq ilə göyə, ulduzlara dikərdi...
Adamın dəli-dəli suallar verməyi gəlir şairə:
– Puldan, vardan qorxan adam – dəli adam! Dünyanı, insanları nə gözəl görür, nə böyük eşq ilə sevə bilirsən? Allahın eşqi var canında, ona görəmi? Göz yaşlarının kədər yox, məlhəm, dərman olduğuna inanırsan, ona görəmi? Palçıq qarışdıranda, suvaq vuranda, fəhlə işləyəndə də göyə baxırdın, heç kimin görmədiyi işığı, ilahi sevgini duyurdun səma vücudunda, ulduz canında, ona görəmi?
Göz yaşları dəyməmiş,
Daş ürəklər yuxalır,
Nə deyirsən, qardaşım,
Seviləsi adamlar,
Günü-gündən çoxalır.
“Qardaşımın üzü köməyim olsun” misrası dilləri dolaşır. Amma “bir uşaq əlləri” obrazı da var bu poeziyada. Vaqif Bayatlının şair intuisiyası bizim məntiq və həyati reallıqlar faktımızı alt-üst edə bilir. İnanırsan ki, dünyadan qovulanda, sevinclərdən yıxılanda söykəndiyimiz divarlar, baş qoyduğumuz doğma qucaqlar, çiyin söykədiyimiz dayaqlar, arxalar uçurum kimi görünəndə üzünü, alnını bu balaca əllərə-günaha batmamış məsumluğa sürtüb yenidən ayağa dura bilərsən...
Bir uşaq əllərinə
Dünya səndən bezəndə
sən də dünyadan bezib
endirəsən başını.
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını,
qırış-qırış üzünü
qıyma-qıyma gözünü
itdən-qurddan,
qəmdən-dərddən,
dostdan-tanışdan
astan-dastan alın yazını
bir uşaq əllərinə.
nə göz yaşı bilinər,
nə alın yazısı silinər.
Bu dəfə göylərə, Tanrıya yox, bir balaca uşaq əllərinə səcdəyə səsləyir insanları. “Endirərsən başını böyük dualar üçün bu balaca əllərə, böyük andlar içməyə, günahlardan keçməyə endirərsən başını”...
haqq qapısın açmağa,
qanadlanar mələyin,
bəlkə də
bağışlandı günahın
qəbul oldu diləyin.
ancaq hələ...
Vaqif Bayatlının poeziyamızdakı şair obrazı yaddaşımızda bəlkə də ən məsum, ən səmimi, ən inanclı bir adam kimi qalacaq.
Bir sual da vermək istəyirəm ona: Səhərlər fit çala-çala, Günəşə salam verib, axşamlar ulduzlara, Aya əl sallaya-sallaya yaşayan adam, xoşbəxt ola bildinmi bizimlə bölüşdüyün bu dünyada?
“Hə” desən, inanardım... Amma tələbəlik illərindən əzbərlədiyim və hər sarsıntı məqamında pıçıldadığım bu şeirin olmasaydı:
könül bağladığım adamlar,
sirr verib sirrini saxladığım adamlar,
yanlarında ağladığım adamlar, dünya gələ, gedə
çıxmaz yadımdan.
əlim əllərindən çəkilməmiş,
yıxıq könüllər tikilməmiş
qonur gözlərimə
qara torpaqlar tökülməmiş
unutdular, məni unutdular...
görünmədim gözlərinə,
görünmədim gözlərinə
göz görmədi
könül unutdu...
görünmərəm gözüm dörddü,
bu dünyada yaman dərddi
görünməzsən, unudarlar.
düşünürəm öz dalımca,
gözüm dolur.
hamı səni unudanda
bu yalanlı dünyada
ölümlər gerçək olur...
Yenə qalib gələn EŞQ olur… Allaha doğru yürüyən ayaqların qaçışı, ilahi yolçuluq sevinci…
Min ildi, milyon ildi
Sənə sarı qaçıram
ayaqlarım sevinir,
yolum sevinir, Allah.
hər gün Sənin Göyünə
mismarlanır qollarım
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, yalnız sevgin var,
qollarımın gözündə.
İsa çarmıxa çəkiləndə bəlkə çarmıx İsadan daha çox ağrımışdı? – kimi bir sual yarandı… Vaqif Bayatlını Göyə – haqqa mismarlayan mismarlar ağrıyırmı, görən? Axı ağrılar qurbanını məsud edir…
Bəs nədən əzab gəzir,
qolumu dəlib yaran
mismarların üzündə?!..
Bir dostu da var onun. Şair adam… Onu da içinə alıb qərib-qərib aramızda dolaşır, ruh kimi, yuxu kimi, söz kimi…
qəribik, şairim, qəribik, sözüm
qəribik, gözəlim bu yer üzündə…
“Kaspi” qəzeti
04.05.2017.