Nəriman Qasımoğlu
Eєq elçisi

Vaqif Bayatlının "Dünya söndükcə sən görünürsən, İlahi" başlıqlı məşhur şeiri var. Bu şeir alayı bir aləmin, danışan aləmin tablosudur. Ahəngli sətirlərlə qafiyələnən sözlərin təyinatı uca gerçəkliyin məlumatını, sadəcə, şeir biçimində çatdırmaqdır. Mübarək çatdırışdır: sonda eşitməmiz bütün kainatı yoxolmadan qoruyan ulu sevginin sədaları ilə oxşanır, gözümüz-bəsirətmiz Tanrıya açılır:
Şükür, şükür, çox şükür,
Sən yenə göyüzündən
yerə enirsən, İlahi.
dünya gözümdə söndükcə
sən görünürsən, İlahi.
Tanrı görünürmü, yaxud görünərmi? Əlbəttə, yox! Musa peyğəmbər də bir zaman istəmişdi soydaşları imanlarında arxayınlıq tapsınlar deyə Tanrı Özünü ona göstərsin. Və günaha batmışdı. Tanrı qarşı yatan qara dağı dağım-dağım etmişdi. Tanrı Özünü, zatını yox, təcəllisini göstərmişdi. Və Musa bayılmışdı. Peyğəmbərlər vəhy dışındakı fəaliyyətlərində həmişə ideal görünmürlər, suç törətdikləri də olur. Yeri gəlmişkən, bunu yalnızca İsa Məsihə aid etmək mümkün deyil. OXU (Quran) ayələri başqa peyğəmbərlərdən bəhs edəndə onların dünya həyatındakı suçlarına toxunur, İsa Məsihə dair ayrıntılarda isə bunu sadəcə istisna edir.
Qayıdıram Vaqifi oxuduğum sətirlərə.
Bəs o niyə şeirinin sonunda deyir "Sən görünürsən, İlahi"? Başqa bir şeiri də var: "İlahi yol". Həmin şeirində isə deyir "Allah görünməz, duyular ancaq". Haqlıdır. Birinci dediyi ilə bu dediyinin arasında ziddiyyətmi var? Əslində, bir qədər dərindən incələnirsə, ziddiyyət yoxdur. "Sən görünürsən, İlahi" deyəndə, elə bilirəm, O-nun Özünü yox, işıq təcəllisini nəzərdə tutur. Çünki Vaqif Tanrını "dünya gözlərində sönəndə" görür. Hərçənd onun "Sən görünürsən, İlahi" bəyanını sanki birbaşa doğrulayan bir Oxu ayəsini (24:35) də sitat gətirə bilərlər. "Tanrı göylərlə yerin nurudur" kimi tərcümə edilən ayəni.
Elə məhz indi, yəni bu sətirləri yaza-yaza düşünürəm müqəddəs mətn bu ayədə fərqli vurğu və fasilə ilə oxunuş imkanı yaratdığına görə ifadəni Oxu məntiqinə uyğun daha doğru olardı ilahinin təcəllisini xəyal edərək belə verəsən: "Tanrı... Göylərlə yerin nuru..." Çünki məhz bu sözlərin ardınca söhbət hərfən O-nun Öz nurundan gedir və belədə daha aydın və məntiqli qavramalı olursan ki, göylərlə yerin nuru Tanrı təcəllisindən başqa bir nəsnə deyil.
…Vaxtilə Xəzər dərgisinin baş redaktoru qismində Quranın tərcüməsinə məndən ötrü vəsilə olmuş dostum indi baxıram bu yazıda da heç zaman bitməyəcək bu tərcümə prosesini təkmilləşdirməyimə vəsilə olur sanki. Və Vaqifi OXU işığnda oxuya-oxuya düşünürəm şeir yazdığı müddətcə Tanrı nuru onunla hər zaman qolboyun olub. Bəzən isə, elə bilirəm və bəlkə inanıram, gözünə görünüb. Fəqət ruhən onun da fərqindəyəm ki, ilahi nurun gözə görünməsi üçün gərək bu nurla qolboyun yox, iç-içə olasan, O-nun kənarda qalan parlaq zərrəciyi kimi qayıdasan O-na, O-nunla bütövləşəsən. Bu, elə bir ulu qarşılıqdır ki, qazanmaq üçün gərək bütün məhrumiyyətləri ilahi sınaq qəbilindən qəbul edəsən, əzab alətlərinə - fərq etməz kim olur, yaxud nə olur, olsun – mərhəmət sərgiləyərək onların da keçirdiyi iztirablara yanmağı bacarasan:
Qolumdakı mismarlar
yalvarırlar ağrıdan,
yalvarırlar əzabdan,
xilas elə onları.
Xilas elə əzabdan
Boynumdakı kəndiri,
Altında dayandığım
Bu dar ağacını da,
xilas elə, İlahi.
Hər an bu göyüzünə,
həm də sənə tuşlanan,
yenidən dönə-dönə
məndən keçən gülləni
ağrılardan, əzabdan
xilas elə, İlahi.
Mənə elə gəlir və yenə də bəlkə inanıram, Vaqif məhz belə bir mənəvi fədakarlıq ovqatında və məqamında ikən "Dünya söndükcə sən görünürsən, İlahi" şeirindəki sətirlər onun qələmindən kağıza vəhy kanalı ilə süzülüb. Və olub Yazı! Daha doğrusu, Rəbbimizin Yazı silsiləsində saysız-hesabsız göndərdiklərindən, həm də ən oxunmalı və oxunaqlı olanlarından biri. Görünür, "Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib təqib edənlər üçün dua edin" - deyən İsa Məsih təlimini xristian olmayanlar üçün də zaman-zaman qüvvədə saxlamaqdan ötrü Vaqifsayağı poetik təlqinlərə ehtiyac varmış.

Vaqifin təlqinləri İsa Məsih təlimində düşmənlərə, təqibçilərə, lənətçilərə mərhəmət aşılanmasını əsaslandırmaqdan yana öncə çarmıx mismarlarının əzabını qabardır. Şeirdə sətirdən-sətrə "əzabkeşlər" dairəsinin genişləndiyini də görürük: dar ağacı, kəndirlər, düşmən güllələri... Bütün bunlar ona görə nidalanır, sədalanır və sadalanır ki, haqq olacaq o əzabların bütövlükdə İnsanlıq naminə bağışlanması üçün dua edək. Əlbəttə, hər adamın bacara bildiyi deyil. Heç insafdan da olmaz bunu əlahiddə davranış norması kimi hamıya yükləyəsən.
OXU-da yamanlığın yaxşılıqla dəf edilməsi hikmətinin açıqlamasında bu, yalnız ulu şəxsiyyətlərə aid özəllik kimi qeyd olunur (OXU, 41:34-35). Vaqifin Tanrıya ünvanlı “xilas elə” poetik duasında mahiyyətcə insanlara yönəlik bir çağırış da var. Çağırış mənəvi fədakarlığadır - böyüklərin, Vaqif kimi sevgi elçiliyi missiyası ilə yüklənənlərin qismətində olan fədakarlığa. Belə bir elçilik missiyasının qarşılığını Vaqif "dünya hələ gözlərində sönməmişkən" alıb: çoxları onu təkcə şair kimi yox, İnsan kimi də sevir.
Əslində, "Dünya söndükcə sən görünürsən, İlahi" şeirindəki poetik nidaları İsa Məsihin sevgi təlimi ilə səsləşən müstəvidə ona görə qeyd etdim ki, vurğulamaq istədiyim mətləb daha yaxşı anlaşılsın. Hərçənd həmin sətirlərdə Məsihlə sadəcə anımsallıq yaradan vurğular öz yerində, ancaq bu qəbildən başqalarının yazdıqlarından fərqli olaraq Məsihə açıq istinad yoxdur. Heç Vaqifin "mən"ini də bu obrazda konkret görmək mümkün deyil. Çünki onun "mən"i təkcə çarmıxa çəkilən deyil, bütün zamanların cəza texnologiyaları ilə silahlanmış şərlə üz-üzə dayanan, ümumiləşən obrazdır. Bu mənada düşünürəm Vaqifin sətirlərinə teoloji dəstək aramaq istərsək, bunu Məsihin sevgi təliminin car çəkildiyi Müjdə-dən (İncil) daha çox həmin təlimin gerçəkləşməsi mexanizmini təqdim edən OXU-da tapmaq daha asandır. Onu poeziya sələflərindən fərqləndirən teoloji özəlliyi məhz bu məqama aid edərdim.
Məsələn, ciddi tədqiqatçılar Nizamidə də, Füzulidə də, Nəsimidə də xristian teolojisinə müraciətləri rahatlıqla sezə bilərlər.
"Sirlər xəzinəsi" poemasında "Ədalətli və insaflı olmağa dair" söhbətdə Nizami hökmdarları nəzərdə tutaraq onlara ağıllı, tədbirli, ədalətli olmağın, xalqın gözündə ucalmağın yolunu dinlərdə ifadə edilən ilahi təlimatlara əməl etməkdə görür və deyir:
Dini sevib qorumaq sənin borcundur hər gün,
Bu yolda can qoyublar haqqsevərlər haqq üçün.
Və bu misraların ardınca peyğəmbərlər içində nümunə kimi İsa Məsihi xatırladır:
Hər kəs ki, İsa kimi duyub, sevib insanı,
İnsafı sayəsində tutub cümlə cahanı.
Müsəlmanlar İsa Məsihi Tanrı elçilərindən biri kimi qəbul edirlər və bu mənada onun şəninin islam etiqadlısı Nizami tərəfindən uca tutulmasını təbii qəbul etmək olardı. Ancaq burada söhbət "İsa kimi sevmək"dən gedir və İsa Məsihin sevgi təliminə işarə edilir ki, bunlar ənənəvi müsəlman deyil, xristian teolojisində yer alan təlqinlərlə bağlıdır.
Yaxud, Füzulinin "İsa kimi tifillikdə kamil olan" Qeysi körpə ikən dil açaraq deyir:
... Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!
Hər qanda qəm ola, qılma ehmal,
Cəm' eylə, dili-həzinimə sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!
Füzuli də bütün insanlığın günahlarını İsa Məsihin öz üzərinə götürməsilə dünyanın bütün qəmlərinə Qeysin sahib çıxmaq istəyi arasında paralel apararaq poetik məramını açıq-aşkar xristian teologiyası prizmasından təqdim edir.
Və bu mənada heç Nəsimi də istisna deyil:
Məsihizat ikən billah, nədən div olmaq istərsən?
Məgər cinnidurur əslin, deyilsən rəhmətə qabil?
Dostumu, ruhdaşımı sələflərindən fərqləndirən bu özəlliyin gözəlliyi fonunda sələfləri olan o ulularımız məndən ötrü poeziya, hikmət elçiləridirsə, Vaqif Bayatlı - sətirləri sadəcə şeirləşərək sevgi saçan eşq elçisidir. "Min ildi, milyon ildi" göylərlə Yer arası cövlan edən eşq elçisi. Əslində, bəlkə də bizə məchul birisidir, əbədiyyət yolçuluğunda təkrar-təkrar bədənlənərək insanlığa zaman-zaman sevgi daddıran, insanları bir-birinə sevdirən mübarək ruhlardan biridir, indimizdə özünü sadəcə Vaqif Bayatlı qiyafəsində təqdim edir.