ELÇİN

Kədərin poeziyası
Vaqif Bayatlı Önərin “İndən belə ağlama üş!” silsilə şeirlərini (525–-ci qəzet”, 11 sentyabr 1996) oxuduqdan sonra, bu şeirlər xeyli müddət mənim içimdə yaşadı, suallar verdi və bu sualların bir qisminə cavab da verdi, amma cavab vermədiyi suallar da oldu. Və yəqin belə də olmalıdı, çünki əsl poeziyanı, sənəti cavablardan daha çox, suallar yaradır.
Təxminən 20 il bundan əvvəl, Vaqifgil şeirə gələndə və özləri ilə yeni bir nəfəs gətirəndə ortadoks ədəbi tənqid və ortodoks ədəbi ictimaiyyət onlarıbəd binlikdə təqsirləndirirdi, onların şeirindən sosialist realizminin nikbinliyini tələb edirdi və ümumiyyətlə, bu poeziyanı qəbul etmirdi, çünki bu şeirlər sosialist-realizmi ədəbi metodunun kirəcləşmiş doqmatik çərçivələrinə heç cürə sığışmırdı və buna görə də rəsmi və inzibati ədəbi meyarlar müqabilində qeyri-təbii (!) görünürdü, bəzən hətta qorxudurdu, vahiməyə salırdı.
O zaman mən Yazıçılar İttifaqında işləyirdim, bir gənclik ehtirası və şövqü ilə ədəbi prosesin içində idim və o zaman bizim bu yeni mövzulu, yeni keyfiyyətli şeiri qorumaq üçün ədəbi mübarizələrimizin acı və xoş, bəzən də absurd dərəcəsinə çatan əcaib xatirələrini mən Vaqifin yeni şeirlərini oxuyanda, elə bil ki, yenidən yaşadım və bu gün mənim üçün fərəhli və elə bilirəm ki, ədəbiyyatımız üçün çox dəyərli bir haldır ki, o poeziya məhvərini dəyişmədi, vulqar sosioloji hücumlar, danoslar, şirnikdirmələr o poeziyanın mahiyyətinə soxula bilmədi.

Vaqifin bu silsilə şeirləri bir tərəfdən ümumiyyətlə xislətin naqisliyindən və müvəqqətilindən, real həyatın mənasızlığından, dünyanın – həm “bu dünya”nın, həm də “o dünya”nın heç cürə anlaşılmayan, izah edilməyən sirlər aləmi olmasından, o biri tərəfdən də mühitin, misginin, zavallının, şikəstin ahından, onların payına düşən tale qismətindən, insanın insana qənim kəsilməyindən – şair dünyagörümündə bir-biri ilə bağlı, bir-birinin davamı olan bu ikiliyin vəhdətindən doğan bədbinliyin ifadəsi, axtarışı, arzusu, fantaziyasıdır.
Bu şeirlərin qəhrəmanı real aləmə sığışmır, yaşayışın qanunları, ahəngi, eyniliyi, adət etdiyimiz məişət onu sıxır və “Yox olmaq” şeirindəki kimi, onun daxilində həmin bünövrədən baş qaldıran istək belə bir mənəvi qeyri-reallıqlardan ibarətdir:
Hər axşam görünüb,
Hər səhər yox olmaq.
Ulduzların hər axşam sulara girib
hər səhər yox olmağı tək.
Bu qəhrəman filosofdur, onun deyimi millidir, düşüncəsi isə bəşəridir, onun fantaziyaları tamam mücərrəd, qeyri-realdır və Vaqif poeziyasının poetik obrazlar aləmini doğan da elə həmin zərif, xeyirxah, isti hissiyatlı mücərrəd fantaziyadır:
Yox olmaq, yox olmaq,
yox olduğunu bilmədən
bütün yox olanlarla
alın-alına, göz-gözə,
nəfəs-nəfəsə qalmaq.
Bu qəhrəman real aləmdə də fantaziyalarında da özünü axtarır, həyatının və ümumiyyətlə həyatın mənasını arayır, çox vaxt bu mənanı tapa bilmir və bu zaman öz obrazlar aləminə girir, onun eləcə də zəngin hissiyat aləmi var, konkretlik ona yaddır, onda istəyin, arzunun dəqiq ünvanı yoxdur:
Ölməyə aparırlar
yaşamaq istəyirəm,
nəfəs verirlər
ölmək istəyirəm.
(Ölməyə aparırlar”)
Onun üçün bəşəri xislətin günahı o qədərdir ki, burada yaxşı ilə pis, doğru ilə yalan, ağ ilə qara – hamısı bir-birinə qarışıb və burada artıq hansısa meyarlardan, ölçülərdən, kateqoriyalardan söhbət gedə bilməz:
...ən böyük yalan
ən böyük həqiqətdi
ən böyük yalan olduğu kimi...
(“Həqiqətlərdən boğaza yığılanlar”)
Bir tərəfdən müdhiş Xocalı faciəsindən tutmuş, Çingiz Mustafayevin qucağındakı ölü uşağa kimi, insan əməllərinin nəticəsi onu sarsıdır, dərdə salır, küsdürür, amma o biri tərəfdən də elə həmin “Ölməyə aparırlar” şeirindəki kimi, onun üçün insan Tanrı dərəcəsində bir varlıqdır:
isanoğlu cavab verir
– Bu, sənsənmi, insanoğlu?
O insanlar üçün Tanrıdan “bir ovuc ulduz” istəyir və “bircə ulduzu da mən istəyirəm” – deyir, amma bu romantika (hərgah buna romantika demək olarsa!) ənənəvi şair – ay-ulduz romantikasından çox uzaqdır:
...o bircə ulduzdan
asılmaq istəyirəm.
Yəni keçirmək istəyirəm
boynumdakı zəncirin
son ucunu
o ulduza...
... sonra ayağım altından
itələmək yer üzünü
ölüm kətili kimi,
yellənmək bütün kainat boyu
Allahın boynundan asılı
medalyon kimi.
(Bu nə qaranlıq, Tanrım”)
Bu qəhrəmanın müraciət etdiyi, danışdığı, umduğu ən əsas petik mənbə, mənəvi sarsıntıları, dərdi, ələmi müqabilindəki ən əsas təsginlik və ümid yeri – Tanrıdır və Tanrıya inamı da taleyə inamı ilə bərabərdir, elə buna görə də həyata münasibəti fatalizmə söykənir:
Böyük oğullar doğulan gün
böyük oğulların
boyuna biçili
dar ağacları da doğulur.
Böyük oğullar doğulan gün
doğulur böyük oğulların
balaca cəlladları da,
(“Böyük oğullar”)
Onun obrazlar aləmi həyatdan daha artıq ölümün, diridən daha artıq ölmüşlərin bilavasitə sövqü və iştirakı, yaxud da onların törətdiyi ovqatın müşayiəti ilə yaranır, bu dünyanın yox, o biri dünyanın (haqq dünyasının!) süzgəcindən süzülüb gəlir və onun təsvir etdiyi bu obrazları gözümüzün qabağında canlandırmaq mümkün deyil. Ona görə yox ki, onlar qeyri-realdır, göznənilməzdir, ona görə ki, dediyim həmin zəngin hisslərin ifadəsidir:
...sən mənə başdaşı ağla,
başdaşı qoy
bir damla göz yaşından...
Yaxud:
Ölülər uşaqlar kimi
bütün günü
kəfənlərindən
kəpənəklər düzəldərlər
qəbirlərində bitən çiçəklərə.
(Xocalı – Tanrının balası”)
Vaqifin poeziyasında hətta təbiətin gözəlliyinin arxasında belə, nikbin hissiyyat yox, bir bədbinlik, ağrı, acı, dərd, ələm dayanır və mən bir oxucu kimi, bəlkə d,ə onun yaradıcılığında bu dərəcədə bədbinlik, küskünlük, çarəsizlik, məhkumluq görmək istəməzdim, amma – və bu mənə artıq gün işığı kimi, aydındır! – bu, nə oxucunun istəyindən, nə də, görünür, Vaqifin özündən asılıdır: bu ovqat, bu hissiyat onun dünyagörümünün mayasına hopub və bu ovqatsız, bu hissiyatsız yəqin ki, onun poeziyası da mümkün deyil.
Misal üçün, poeziyanın və ümumiyyətlə sənətin uzun-uzun əsrlər boyu tərənnüm etdiyi dan yerinin ağarması belə Vaqifin qəhrəmanı üçün ağrının, acının təcəssümüdür:
Böyük ağrılardan
ağarır dan...
(“Böyük oğullar”)
Bəzən elə bil ki, o nikbindir, fikirləri, axtarışları, hissiyatı bir ideal görüm gətirib onun gözlərinin qarşısına. Amma bu görümün də arxasında bir təbəssüm yox, kədər, ötürülməmiş bir köks dolğunluğu, bir qəhər dayanıb:
Yer üzünün
bütün ahlarını çəkib
bütün günahlarını işlədib
qurtarıb insanlar.
qurtarıb yer üzünün də günahları
qurtarıb Tanrının
dünya üçün ayırdığı günah ehtiyatı...
(“Bir üzün şeirdi dünya”)
Vaqifin qəhrəmanı bütün zamanların və bütün xalqların ən böyük qəhrəmanını, kədərli Don Kixotu mənim yadıma salır, çünki o da təmizdir, pakdır, dünyanın dərdini çəkir və öz kədərli obrazlar aləminə qapanıb, öz qeyri-real fantaziyalar dünyasında qeyri-bərabər mübarizə aparır, qüvvələr tənasübü təsəvvür olunmayacaq dərəcədə onun ziyanınadır, amma onun daxili təpəri öz hissiyatı ilə xislət əməllərinə (dirilər dünyasına!) qarşı dayana bilir. Yəqin elə buna görə də onun üçün ən uca məqamda, ən ali mərtəbədə Tanrı və Şairdir:
O göydə, mən yerdə
oturub yazırıq
mənim taleyimi
bir mövzunu yazan
iki şair kimi.
Və:
Beləcə bir sabah
Allah şair olar
Şairsə Allah
Bu yerdə, qəribədir, qeyri-konkret, qeyri-dəqiq, o dünyalı, bu dünyalı ünvansız bir məkanda özünə sığınacaq tapmış bu qəhrəman üçün “dünya” birdən-birə vəhdət təcəssüm edir, vahidləşir və konkretləşir, onun üçün dünya bir uzun şeirdir və bu Vaqifin qəhrəmanının kəşfi, oxucuya başılamaq istədiyi, onu inandırmağa çalışdığı bir qənaət deyil, yalnız onun tanıdığı, yalnız onun təmasda ola biləcəyi bir ünvandır:
Bir uzun şeirdi dünya
vərəqdən vərəqə keçməkdi ancaq
bir dünyadan
o biri dünyaya keçmək.
Elə buradaca Vaqifin gələcək yaradıcılığı ilə bağlı məndə bir balaca nigaranlıq yaradan bir cəhəti onun diqqətinə çatdırmaq istəyirəm. Bəli, Vaqifin obrazlar aləmi qeyri-realdır, bəli, bu dünyadakı əməllər üçün konkret meyarlar yoxdur, həyatın mənasında bir dəqiq ünvan yoxdur, yaşayəş başdan-başa qeyri-müəyyənliklərdən ibarətdir – mən bütün bunların Vaqif qələmi ilə poetik ifadəsini qəbul edirəm, amma bəzən bu fəlsəvi ünvansızlıq, qeyri-müəyyənlik, qeyri-konkretlik onun şeirlərinin mətləbindəki qeyri-aydınlıqda özünü büruzə verir. Hansısa dağınıqlıq hərgah belə demək olarsa, poetik pərakəndəlik gətirir. Elə bilirəm ki, hələlik ancaq ünsürləri hiss olunan və Vaqifin orijinal istedadı ilə uzlaşmayan bu cəhətə fikir vermək lazımdır.
Vaqifin bu silsilə şeirlərində mənim üçün maraqlı bir cəhət də bu oldu ki, adətən, öz məxsusi ritmi (Vaqif ritmi) olan sərbəst vəzndə, bəzən də destruktiv şeir formasında yazan bu şair silsiləyə iki gəraylı salmışdır və poetik söz oynatmalarına, cinaslara müraciətlə yazılmış bu klassik formalar, elə bil ki, Vaqifin deyim tərzindəki milliliyi tamamlayır və eyni zamanda onun mövzusunu klassik heca poeziyamıza xas olan bir təbiiliklə, sadəliklə oxucuya çatdırır.
Elə bilirəm ki, bu sonuncu cəhət diqqətəlayiq bir məsələdir: dünya dəyişir, dövrlər bir-birini əvəz edir, elm, texnika görünməmiş bir inkişafdadır, gəraylı isə istedadlı qələm vasitəsilə bütün bu epoxal dəyişiklərə baxmayaraq müasir çağla səsləşən poetik missiyanı eyni təravət və novatorluqla davam etdirir.
Bəlkə, ona görə ki, hər şey dəyişir, amma xislətin, həyatın mahiyyəti dəyişmir, ona görə?
Eyni zamanda bu gəraylılar bir məlum fikri də mənim üçün bir daha təsdiq edir: millidən kənarda, millinin fövqündə bəşərilik yoxdur, bəşəriliyə aparan yol – bu ağır, dəruni dərketmə əzab-əziyyətləri ilə dolu məsafə nəinki millidən başlayır, milli onun bünövrəsini təşkil edir.
Mən bu kiçik yazımın sonunda Vaqifə bu şeirləri oxuduqdan sonra, içimdə baş qaldırmış bir sualı verməkdən özümü saxlaya bilmirəm.
– Əzizim Vaqif! Sən “Boy atıram, dünyanı tuturam” şeirində yazırsan:
...quşlar sevişə-sevişə
yuva qurur saçlarımda
çiyinlərimdə, qaşlarımda...
Və bir halda ki, belədir, bir halda ki, bu dünyada quşlar sevişir və sən də o sevişən quşlar üçün bu dərəcədə məhrəm və etibarlısan, onda bəlkə bir az, lap bir balaca sevinməyə, fərəhlənməyə dəyər?