Vaqif Bəhmənli
Özüm özümə ata
Qardaşım Vaqif Bayatlıya
Mən özüm özümə oğul olsaydım,
atası olsaydım özüm özümün,
Hər şeyi görərdim gün kimi aydın,
Özümə qalardı yağı gözümün.
Mən özüm özümə ana olsaydım –
kül olan canımın nə dərdi vardı?
Nə qədər qəmim var beşiyə basıb,
üstünə şal örtüb yatızdırardım...
Peyğəmbər olardım dərin xəyallı,
Şeytan qapısında bir qul olmazdım...
Bu zalım dünyada məndən insaflı,
məndən mərhəmətli oğul olmazdı!
Heç zaman havayı loxma yeməzdim,
Kimsəyə dəyməzdi xata sözümdən.
Oğul qəlbi qıran bir söz deməzdim,
Ömründə çıxmazdım ata sözündən!
Özümə özümdən gəlsəydi nəfəs
Bunca ağlamazdı qəlbim hıçqırıb...
Bizi törədənlər daşdı; tərpənməz,
bizdən törəyənin qanadı qırıq!..
Mən hara, indiki oğullar hara,
Mələklər uçurub min kərə məni.
Nə var aparmağa ucalıqlara,
nə var qaldırmağa göylərə məni?..
2002